Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-749/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X2 katibliyiilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:45-də Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli- Qobu yolunda yerləşən “Qafaroğlu İnşaat” adlı obyektin üzərində ümumi ölçüsü 11.05 m² olan reklam daşıyıcıları açıq məkanda icazə sənədi olmadan yerləşdirilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, idarənin əməkdaşları xx.xx.2024cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu ünvanında yerləşən “Qafaroğlu İnşaat” adlı sahibkarlıq obyektində açıq məkanda obyektin üzərində ümumi ölçüsü 11.05 m² olan reklam daşıyıcıları yerləşdirilmişdir. Bu faktla bağlı idarə tərəfindən sahibkar Şəxs xx.xx.2024-cü il tarixdə 11-3-2/2-098/2024 nömrəli yazılı göstəriş göndərilmiş və bildirilmişdir ki, “Qafaroğlu İnşaat” adlı sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 gün müddətində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunur. Lakin yazılı bildiriş icra olunmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda Şəxs tərəfindən inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin baş müfəttişi X4 və müfəttiş X5 tərəfindən tərtib edilmiş açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə xx.xx.2024-cü il tarixli 000039 nömrəli aktdan görünür ki, həqiqətən də, Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu ünvanında açıq məkanda Şəxs (AZE********, VÖEN **********) məxsus “Qafaroğlu İnşaat” adlı obyektdə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda fasad reklamları 5,5x0,70; 2,5x0,7; 4,7x0,70; 1,8x0,6x2 ədəd olan qurğular qanunsuz olaraq yerləşdirilmiş və yayımlanmaqdadır. Akta əlavə edilmiş xx.xx.2024-cü il tarixdə çəkilmiş foto-şəkillərdən görünür ki, “Qafaroğlu İnşaat” adlı sahibkarlıq obyektində açıq məkanda reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixli 11-3- 2/2-098/204 nömrəli yazılı göstərişdən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunda yerləşən “Qafaroğlu İnşaat” adlı obyektin sahibkarı Şəxs açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 gün müddətində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuş, bu tələblər yerinə yetirilmədikdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli 11-3-2/2-117/2024 nömrəli bildirişdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:45-də fəaliyyət göstərdiyi “Qafaroğlu İnşaat” adlı sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunacağına dair xəbərdarlıq edilmiş və qeyd edilən tarixdə və saatda fəaliyyət göstərdiyi obyektdə olması xahiş edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib hesab edir ki, Şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası “Reklam haqqında” Qanunun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik aktlarına və iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, reklam yayıcısı, yəni Şəxs istifadəsində olan “Qafaroğlu İnşaat” adlı sahibkarlıq obyektində açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanından, yəni Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsindən müvafiq icazə almalı olduğu halda bu icazəni almamış, həmçinin qanunvericiliyin tələbinə əsasən açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə xx.xx.2024-cü il tarixli 11-3-2/2-098/204 nömrəli yazılı göstərişi vaxtında icra etməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən, yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasının aşağı həddində inzibati tənbeh olaraq cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114-117, 128-130 və 428.7.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-749/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-749/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver