Məhkəmə qərarları › İş №3(012)-753/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-753/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-753/2025 21.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Zəngilan rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Zəngilan Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və müvafiq materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Zəngilan Rayon Prokurorluğu tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Zəngilan rayonu, Ağalı kəndi ərazisində hörgü ustası qismində işlərin görülməsinə cəlb etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparan orqanın nümayəndəsi Zəngilan rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Anar Mahmudov bildirdi ki, X10 və Şahid DİN-nin 102 xidmətinə müraciət etməsi əsasında faktla bağlı araşdırılma aparılması üçün rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X10 və Şahid DİN-nin 102 xidmətinə müraciət edərək Şəxs MMC-də işlədiklərini lakin şirkət tərəfindən əmək haqqının ödənilmədiyini bildirmişdirlər. Məlumat daxil olduqdan sonra hər iki şəxslə əlaqə saxlanılmış və onlar şirkət tərəfindən şikayət edildikdən bir gün sonra əmək haqqılarının ödənildiyini bildirmiş və uzaq rayonlarda qaldıqları üçün izahat verməyə gələ bilmədiklərini bildirmişdirlər. Hər iki şəxs teleqram vurmuş və şirkət tərəfindən onlara əməkhaqqı olaraq ümumilikdə 4100 manat ödənildiyi üçün heç kimdən şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Daha sonra “X1 sistemi” vasitəsilə hər iki şəxsin əmək müqaviləsi məlumatlarına baxılarkən müəyyən edilmişdir ki, X8 əmək müqaviləsi olsa da Şahid şirkətlə işlədiyi dövrdə əmək müqaviləsi bağlamamışdır. Bu səbəbdən də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, şirkətdə icraçı vəzifəsində işləyir. Şahid Zəngilan rayonuna işçi portalı ilə deyil, qonaq portalı ilə gəlmişdir. Şirkətin yataqxanasında 10 gün qalmış və heç bir işdə işləməmişdir. Təxminən 10 gün şirkətin yataqxanasında qalmış və işlə bağlı razılıq əldə olunmadığı üçün oradan getmişdir. Daha sonra isə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əbülfət Qasımovla əlaqə saxlanılmış və o, digər işçilərin oun mobil telefonu vasitəsilə şikayət etdiyi üçün şikayətin onun adından getdiyini bildirmişdir. Eyni zamanda narazıçılıq olmamağı üçün kart vasitəsilə ona da ödəniş edilmişdir. Şirkətdə 400-ə yaxın işçinin olduğunu, onların hər biri ilə əmək müqaviləsi bağlanıldığını, heç bir qanuna zidd halların olmadığını, Şahid ümumiyyətlə əməyə cəlb edilmədiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Şəxs MMC-də işləmək üçün Zəngilan rayonuna getmişdir. Orada olduğu müddət ərzində heç bir işdə işləməmişdir. Sadəcə olaraq Şəxs MMC-nin yataqxanasında qalmışdır. Daha sonra digər işçilər onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək şirkətin onlara verilməli olduğu əmək haqqını vermədiyi üçün şikayət etmişdir. Zəng onun mobil telefonu vasitəsilə edildiyi üçün şikayət onun adına qeydiyyata alınmışdır. Daha sonra şirkət tərəfindən ona əmək haqqının ödənildiyi və şikayət və tələbi olmadığını bildirilməsi barədə teleqrama başqa şəxslər tərəfindən onun adından vurulmuşdur. Belə ki, o, özü də poçta getmiş və deyilənləri teleqramada qeyd etmişdir. Şəxs MMC-dən hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “Cinayət işinin başlanmasənın rədd edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, fakt əsasında toplanmış 18-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, X1 Sisteminin “Elektron sorğu” modulundan əldə edilmiş Şahid əmək müqaviləsi məlumatlarına baxış aparılan zaman müəyyən edilmişdir ki, Zəngilan rayonu, Ağalı kəndi ərazisində Şəxs MMC-də işlədiyi döbrdə sonuncu ilə həmin MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid əmək fəaliyyətinə cəlb etmişdir. Məhkəmə şirkətin nümayəndəsi tərəfindən irəli sürülmüş hallara, habelə şahid qismində dəvət edilmiş X3 izahatına münasibətdə hesab edir ki, qeyd olunan xüsusatlar məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş izahatlardır və heç bir mötəbər hala əsaslanmayan dəlillər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid məhkəmə iclasında verdiyi izahatında şikayətin məhz onun tərəfindən edilmədiyini və müəssisədə işləmədiyini bildirsə də, nəyə görə teleqramada yazılanları qeyd etməsi barədə məhkəməyə ağlabatan izah verə bilməmiş, məhkəmə şahidin məhkəmə iclasında verdiyi izahata barəsində icraat aparılan hüquqi şəxsi məsuliyyətdən yayınması üçün verilmiş bir izahat kimi qiymətləndirir. Belə ki, şirkətin nümayəndəsi izahatında Şahid şirkətdə olduğu müddət ərzində heç bir əmək fəaliyyətinə cəlb edilmədiyini bildirsə də, şəxs işləmədiyi halda hansı səbəbdən ona “əməkhaqqı” qismində ödəniş edildiyi sorğusuna “ağlabatan” cavab verə bilməmişdir. Bundan başqa şahid qismində dəvət olunmuş X5 isə şirkətdə işləmədiyini bildirsə də, xx.xx.2025-ci il tarixdə Zəngilan Rayon Prokurorluğuna ünvanlandığı teleqramda xx.xx.2025-ci il tarixxdən xx.xx.2025-ci il tarixədək Zəngilan rayonu, Ağalı kəndində Şəxs MMC-də hörgü ustası kimi işlədiyini vurğulamış və şirkət tərəfindən xx.xx.2025-ci il tarixdə briqadanın işçilərinə ümumilikfə 4100 manat əməkhaqqı ödənildiyi üçün şikayət və tələbinin olmadığını vurğulamışdır. Göstərilən hallar bir daha məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən qeyd olunan xüsusatların heç bir sübuta söykənmədiyini, inzibati məsuliyyətdən yayınmaq üçün qeyd olunduğuna dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın halını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000(iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar