Məhkəmə qərarları › İş №3(012)-770/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-770/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-770/2021 19.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X6, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti nümayəndəsi X8 iştirakları ilə, “NNSUPPLİER» MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında 29 aprel 2021-ci il tarixli, ******* saylı protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli, 29 aprel 2021ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon məhkəməsinin 21.05.2021-ci il tarixli qərarına əsasən inzibati iş üzrə icraata xitam verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni məhkəmə baxışına qaytarılmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli, 29 aprel 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanlandığı 11 dekabr 2020-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilər X3, X9, X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məlum olmuş, buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən 29 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt regional ərazi şöbəsinin baş əmək müfəttişi X13 protokolla eyni məzmunlu izahat verməklə Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X12 bildirdi ki, 16.08.2018-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliləri nəticəsində peşə əmək qabilliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövcuddur. Həmin müqavilə müddətsiz bağlanmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol əssasızdır. Müddət keçdikdən sonra tərtib olunmuşdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və X4 nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı ləğv edilmiş, yeni məhkəmə baxışına qaytarılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 09.07.2021ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Lakin inzibati xəta haqqında protokol tərtib edilsə də, protokolun tərtib edilməsinə əsas olan İcbari Sığorta Bürosunun məktubunun olmamasını nəzərə alınmayaraq, həmin məktub tələb edillməmiş, bundan əlavə protokolda inzibati xətanın törədilmə vaxtı dəqiq və anlaşılan formada qeyd edilməməsi, inzibati xətanın hansı tarixdə törədilməsi vaxtı aydınlaşdırılmamışdır. Halbuki inzibati xəta üzrə məsuliyyətə şəxsin cəlb edilməsi üçün həmin vaxtın dəqiq müəyyənləşdirilməsi ona görə vacib və zəruridir ki, şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilmə müddəti ötürülməmişdirsə, barəsində inzibati xəta üzrə tənbeh tədbiri görülməlidir. Əks halda inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdiyinə görə barəsində inzibati tənbeh tədbirinin görülməsi istisna edilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Birinci instansiya məhkəməsi Şəxs MMC-nin törətdiyi iddia edilən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın uzanan xəta olub-olmadığını, inzibati xətanın aşkara çıxarıldığı vaxtın tarixini müəyyən edilməsini, MMC-nin inzibati məsuliyyətə cəlb edilmə müddətinin ötüb-ötməməsini araşdırmamışdır. Məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanlandığı 11 dekabr 2020-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilər X3, X9, X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məlum olmuş, buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən 29 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Şəxs MMC-yə ünvanlanmış 09.03.2021-ci il tarixli **********5 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, işə götürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli, əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Bu məqsədlə X7 Alt Sistemi vasitəsi ilə icbari sığorta müqaviləsi bağlamayan işə götürənlərə müvafiq xəbərdarlıq edilmişdir. İş materiallarında olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, 16 avqust 2018-ci il tarixdə müddətsiz bağlanmış və sonuncu dəfə 18.03.2021ci il tarixdə sığorta məbləği ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati protokolun tərtib olunmasına əsas olan əməlin DƏM-nin nümayəndəsinin dediyinə görə 2020-ci ilə aid olmasına və bu barədə X5 İcbari Sığorta bürosunun 11.12.2020-ci il tarixli məktubla məlumat verilməsinə baxmayaraq protokol 29.04.2020-ci il tarixdə tərtib olunmuş, 05.05.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyəti nəzərdə tutur. İş materiallarında olan müqavilədən görünür ki, hazırda barəsində protokol tərtib olunan MMC-nin müddətsiz əmək müqaviləsi mövcuddur. Bundan əlavə protokol tərtib olunarkən də Şəxs MMC-nin16 avqust 2018-ci il tarixli müddətsiz müqavilə üzrə 18.03.2021-ci ildə sığorta məbləğini ödəməsinə dair qəbzi də mövcud olmuşdur. Eyni zamanda protokolda inzibati xətanın tarixi qeyd olunmamış, bu da icbari sığorta müqaviləsinin bağlanmamasının hansı tarixə aid olmasını müəyyən etməkdə çətinlik yaradır. Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Hazırki halda inzibati xəta uzanan inzibati xəta hesab edilsə də, sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməməsi yalnız 2020-ci il tarixə aid olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə qanunda nəzərdə tutulmuş 3 aylıq müddət keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar