Məhkəmə qərarları › İş №3(012)-772/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-772/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-772/2025 15.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləmir, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi "Mercedes Benz B 180" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Q.Qarayev küçəsində yol ayrıcını keçmə qaydasını pozaraq "Haojue TZ 125 PRO" markalı motosikl ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, dostlarının yanına iş axtarmaq məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş və saat 16 radələrində 3 mərtəbə adlanan yerə gələrək tanışı Rəsulla görüşmüşdür. Rəsula məxsus adını dəqiq bilmədiyi 99-C-698 dövlət qeydiyyat nişanlı motosikletə əyləşərək onu bir neçə dəqiqə sürməyi xahiş etmişdir. Rəsul motosikleti ona verdikdən sonra həmin motosikletlə Masazır qəsəbəsi, Qara Qarayev küçəsində sürməyə başlamışdır. Rəsul isə yolun kənarında dayanıb onu gözləmişdir. Bu minvalla həmin küçə ilə «Sabah» staidonu istiqamətindən hərəkət etdiyi vaxt sağ tərəfdən ara məhəllə küçədən çıxan qara rəngli “Mercedes-Benz” markalı avtomobilin qadın sürücüsü «Yol ver» nişanın tələbinə məhəl qoymayıb hərəkətdə olduğu baş yola çıxaraq avtomobilin qabaq sol hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən motosikldən yerə yıxılaraq sifət nahiyəsi yerə dəydiyindən burun nahiyəsindən xəsarət almışdır. Qəza baş verdiyinə görə ətrafda olan insanlar ona köməklik edərək Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Orada burun və sol ayağından xəsarət aldığı məlum olmuşdur. Motosikleti idarə etmək üçün onun sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. Motosiklet texniki pasport ilə Rəsula məxsusdur. Hadisə baş verən vaxtı motosikleti təxminən 40-50 km/saat surətlə idarə etmişdir. Hazırda hər hansı şikayəti, tələbi yoxdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, 13 dekabr 2024-cü ildə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi "Mercedes- Benz V 180" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evdən çıxıb "Qurtuluş-93" yaşayış kompleksi tərəfə getmək istəyərkən, ara küçədən Qara Qarayev küçəsinə çıxmaq üçün sağdan yəni "Sabah" futbol klubunun stadionu tərəfdən gələn və "Qurtuluş 93" yaşayış kompleksi tərəfdən gələn avtmobilləri gözləyib Qara Qarayev küçəsinə çıxmaq istəyəndə "Qurtuluş-93" yaşayış kompleksi tərəfdən gələn avtomobilin arxasından çıxan motosikletin qabaq hissəsi avtomobilinin qabaq sol tininə toqquşmuşdur. Toqquşma nətisəsində motosikeltin sürücüsü yerə yıxılaraq xəsarət almışdır. Dərhal təcili tibbi yardırma zəng vurmuşdur, lakin təcili tibbi yardım həkimləri gecikdiyi üçün 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bundan sonra həmin motosikletin sürücüsünün işlədiyi restoranın sahibi gəlib onu avtomobili ilə xəstəxanaya aparmışdır. Həmin hadisə nəticəsində xəsarət almamışdır. Lakin avtomobilinə maddi ziyan dəymişdir. "Mercedes- Benz V 180" markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur, etibarnamə ila idarə edir, avtomobil idarə etmək üçün "B" kateqoriyalı sürücülük vəsiqəsi var. Hadisə vaxtı yani xx.xx.2024-cü il tarixdə heç bir spirtli içki və ya digər güetü təsir edici vasitə qəbul etməmişdir. Hava gündüz, yağmursuz, yol asfalt quru və hamar idi. Həmin vaxt avtomobili saatda təxminən 20-30 km surətlə idarə etmişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Həmin motosiklet avtomobilin arxasından çıxdığı üçün toqquşma anında onu görmüşdür. Toqquşma baş verəndə isə avtomobili saxlamışdır. İzahatının sonunda isə əməlindən peşiman olduğunu, barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Aşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 6840 saylı xx.xx.2024-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar