Məhkəmə qərarları › İş №3(012)-773/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-773/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-773/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi X1 Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X15 şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Abşeron RPİ DYPŞ-in TP6329740 saylı, 05 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN DBYP-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli TP ******* saylı qərarından Abşeron Rayon Məhkəməsinə şikayət vermiş, şikayət ərizəsi natamam olduğundan 29 mart 2024-cü il tarixdə geri qaytarılmışdır. Yol verilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən şikayət ərizəsi ilə müraciət etmiş və şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli TP ******* saylı qərardan şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilmiş, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X14 Şöbəsinin polis mayoru X9 tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 04 mart 2024-cü ildə saat 07:30 radələrində, etibarnamə əsasında idarə etdiyi atası X5 məxsus ” Mercedes Benz “ E 270 CDİ ** FE *** dövlət yol qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi ilə Novxanı qəsəbəsinə tərəf Qaçqınlar şəhərciyinin girişində 1-ci işıqfordan sola Novxanıya düşən yolda işıqforun qırmızı işığı yanarkən stop xəttində dayandı və işıqforun açılmasını gözlədi və yaşıl işıq yanarkən hərəkətini davam etdirmək üçün sola dönmək üçün yandırdı və qarşıdan gələn avtomobillərin dayanmasını gözlədi. Bu zaman avtomobillərin çox olduğundan ara məsafəsi yaranmadı və işıqforun sarı işığı yandı sonra isə qırmızı işıq yanan zaman o, sola döndü. Həmin vaxt “ Kia “ markalı ** CT *** dövlət yol qeydiyyatı nişanlı avtomobil qırmızı işıqda surətlə yolu keçərək onun avtomobilini arxa tərəfdən vurub əzdi. Abşeron Rayon Polis İdarəsinin X14 şöbəsinin inspektoru polis mayoru X4 inzibati tənbeh vermə haqqında 05 mart 2024-cü il tarixli TP ******* saylı qərarı ilə o, qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibnati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirləndirərək 80 manat məbləğində cərimə cəzası verilmişdir. Onun heç bir təqsiri olmadığı halda “ Kia “ markalı ** CT *** dövlət yol qeydiyyatı nişanlı avtomobilin sürücüsü X6 tərəfindən yol hərəkəti qaydasının pozulması nəticəsində yol polisi tərəfindən ona inzibati qaydada cərimə edilməyi barədə qərar qəbul edildi. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış nəticələr işin faktiki hallarına uyğun deyil və iş üçün hallar sübuta yetirilməmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətdə yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hadisə baş verən yerdə "Araz" market və "Al" market kimi iri mağazalar mövcud idi. Həmin mağazaların müşahidə kameralarına hazırda şikayətində əsaslandığı bütün hallar düşmüşdür. O, bu barədə Seymur Nəbiyevə demiş,lakin o, həmin mağazaların müşahidə kameraları görüntülərinin özü tərəfindən alınıb təqdim edilməsini istəmişdir. Odur ki, o, hadisə baş verən yerin yaxınlığında yerləşən Araz marketə gedərək hadisə baş verən günün video görüntülərini ona verilməsini xahiş etdikdə market çalışanları həmin görüntüləri ona verməkdən imtina etmiş, yalnız polisdən rəsmi şəkildə müraciət olunduqda bu görüntüləri verə biləcəklərini bildirmişlər. Odur ki, o, Seymur Nəbiyevə bu halı bildirdikdə o, heç bir tədbir görməmiş və video görüntünü əldə etməmişdir. Bir daha nəzərə çatdırmaq istəyir ki, onun avtomobilinin sağ tərəfinin arxası, Kia markalı avtomobilin isə sol tərəfinin ön hissəsi zədələnmişdir. Onun əlində həmin fotoşəkillər də mövcud olmasına baxmayaraq, bu foto şəkillər ondan tələb olunmamış və bu hala da hər hansı qiymət verilmədən barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, şikayətinin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X15 şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun qərarı qanun və əsaslıdır, belə ki, baş vermiş inzibati xətada Şahlar Zeyniyev təqsirkardır. Belə ki, hadisə baş verən gündən bir gün sonra hər iki tərəfin izahatı alınmış, onun tərəfindən yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və müəyyən edilmişdir ki, baş vermiş hadisə də Şahlar Zeyniyev təqsirkardır. Onun tərəfindən hadisə baş verərkən orada olmuş şahidlər müəyyən olunmamış, həmin vaxtı hadisə baş verən yerdə şəhər müşhidə kamerası mövcud olmayıb. Eyni zamanda yaxınlıqda yerləşən Araz marketə müraciət etsə də, hadisə yeri video görüntüyə düşməmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X15 şöbəsinin nümayəndəsi X9 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X7 TP6082263 nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin protokol məhkəməyə təqdim edilməmişdir. inzibati tənbeh vermə haqqında qərara tərəflərin izahatları və yol nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 80 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilən X7 barəsində qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən yetərli sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, orqan tərəfindən qərar qəbul edilərkən hadisə yerini çəkən şəhərin müşahidə kamerası görüntüləri olmasa belə,yaxınlıqda yerləşən ticarət, iaşə və xidmət obyektləri müəyyən edilərək və onlara rəsmi qaydada müraciət olunmalı və müşahidə kameralarının görüntüləri əldə edilərək qiymət verilməli, hadisəni görən şahidlərin izahatı alınmalı və araşdırılmalı olduğu halda bunlar edilməmişdir. Şikayət verən şəxsdə olan fotoşəkillərə hər hansı bir qiymət verilməmişdir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq, məhkəməyə yalnız inzibati tənbeh vermə haqqında qərar, ona əlavə edilmiş izahatlar və yol nəqliyyat hadisəsinin sxemi əlavə edilərək təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X15 şöbəsinin polis mayoru X4 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron RPİ X15 şöbəsinin polis mayoru X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar