Məhkəmə qərarları › İş №3(012)-774/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-774/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-774/2022 23.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X2nun iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən yaşadığı Zəngilan rayonu işğal olunandan sonra ailəsi ilə birgə məcburi köçkün düşmüşdür. Uzun müddətdir ki, Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan rayonundan məcburi köçkün düşmüş insanlar üçün salınmış “Zəngilan şəhərciyindəki 13 saylı binanın 37 saylı mənzilində məcburi köçkün kimi məskunlaşaraq yaşayır. xx.xx.2022ci ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” mərasim evində xalası oğlu X6 yas mərasimində iştirak etmək üçün oraya getmişdir. Mərasim evinin həyətində açıq havada olan zaman bir nəfər baş leytenant rütbəsində olan polis işçisi yanındakı iki nəfərlə əvvəlcə ona və daha sonra ondan 4-5 metr aralıda dayanıb söhbət edən yasa gələn şəxslərə yaxınlaşıb, Suraxanı rayon polis idarəsinin işçiləri olduqlarını və pandemiya ilə bağlı yoxlama keçirdiklərini demişlər. Baş leytenent rütbəsində olan polis işçisi ondan ad və soyadını və daha sonra telefon nömrəsini soruşduqda, ona adını soyadını, ata adını və sonra telefon nömrəsini demişdir. Baş leytenantdan telefon nömrəsini nə səbəbə istədiyini soruşan zaman demişdir ki, yoxlamaq üçün soruşur. Həmin vaxt açıq havada olduğuna görə o və yasa gələn digər şəxslər maska taxmamışlar. Polis işçiləri ona pandemiya qaydalarını pozmağı və ona görə cərimə olunacağı haqqında heç bir söz deməmişlər. Pandemiya ilə bağlı 3(üç) dəfə vaksin vurdurmuşdur. Birinci vaksini xx.xx.2021-ci ildə, ikinci vaksini xx.xx.2021-ci ildə, üçüncü vaksini isə xx.xx.2021-ci ildə Zəngilan rayon Mərkəzi Xəstəxanasında vurdurmuşdur. Axşam evdə olan zaman “Asan paya” qoşulduğuna görə mobil telefonundakı şəxsi kabinetinin “Asan ödəniş” bölməsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimininin pozulmasına görə EXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokolla 400 (dörd yüz) manat məbləğində cərimə olunmağı barədə məlumat gəldiyini görmüşdür. Tam qanunsuz və əsassız yerə cərimə olunduğunu görəndən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətini yığıb oraya şikayət etmişdir. Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən 400 manat məbləğində cərimə olunmasını tam qanunsuz və əsassız hesab edir. Buna görə Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, EPX ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, EPQ ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2022-ci il tarixdə baxılmışdır. X3 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, X5 iştirakı olmadan barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Bundan əlavə Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş X5 tərəfindən verilmiş COVİD-19 vaksinasiyası üzrə məlumat formasından görünür ki, X4 birinci vaksini xx.xx.2021-ci ildə, ikinci vaksini xx.xx.2021-ci ildə, üçüncü vaksini isə xx.xx.2021-ci ildə Zəngilan rayon Mərkəzi Xəstəxanasında vurdurmuşdur. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, EPX ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 400 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhər Suraxanı RPİ-in 33-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EPX ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar