Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-780/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi İnzibati xəta haqqında Abşeron rayon Prokurorluğunun nümayəndəsi, icraatı başlamış: İ dərəcəli hüquqşünas X1 Zərərçəkmiş şəxs: X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Abşeron rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” xx.xx.2025-ci il tarixli, 25-1- 2-2-400-2172 nömrəli qərar qəbul edilərək baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 25-1-2-2-400-2172 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, "xxxx" MMC-də çilingər vəzifəsində işləyən X2 xx.xx.2024-cü il tarixdə cəmiyyətə məxsus “İsuzu NPR-75” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunu təmir edərkən sürətlər qutusunun botlarını açarla sökməyə çalışan zaman açarın əlindən çıxması və sağ əlinin son iki barmağını ramaya sərt dəyməsi səbəbindən az ağır xəsarət alması faktı ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlayan Abşeron rayon prokurorluğunun nümayəndəsi Cəlal Əmirxanov bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi rayon prokurorluğu tərəfindən toplanmış materialla tam sübuta yetirilərək, barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs Murad Məmmədov məhkəmə iclasında iştirak edərək, Bakı- Şamaxı yolunun Abşeron rayonu Hökməli qəsəbəsi ərazisindən keçən yerdə “Milla Dairy ' MMC-də 2013-cü ildən çilingər işləyir, əmək haqqı 900 manatdır. Onunla əmək müqaviləsi bağlanmışdır. İş vaxtı saat 08:30-dan 17:30-dəkdir. Şənbə və bazar günləri isə istirahət günləridir. Avtoparkın müdiri isə Şəxsdur. 08 aprel 2024-cü il tarixdə saat 10 radələrində “İsuzu” markalı avtomobilin sürət qutusunu sökərək təmir etmişdir. Avtomobil təmir quyusunda (yamada) sürətlər qutusunun boltlarını açmışdır. Həmin vaxt bolt qırılaraq, sağ əli sürətlər qutusu ilə ramanın arasında qalmışdır. Sağ əli şişməyə başlamışdır. İlkin olaraq əlində sınıq olmasını başa düşməmişdir. Milla MMC-də tibb xidmətindən həkim ona sınıq olmadığını və əzildiyini demişdir.Həmçinin o bildirmişdir ki, təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırma SƏTƏM işçisi Anar adlı şəxs keçmişdir. Bununla bağlı müvafiq jurnallara imza etmişlər. İş vaxtı bütün işçilər əlcək, geyim paltarları ilə təmin olunmuşlar. Hadisənin baş vermə səbəbi Şəxs xəbərdar etməyinə baxmayaraq avtomobilin sürət qutusunun bərkidilmə boltları ilə təmin etmədiyinə görə xəsarət almışdır. Şəxs dəfələrlə xəbərdarlıq edərək həmin boltların yenisi ilə əvəz olunmasını tələb etmişdir. Ona bildirmişdir ki, sürətlər qutusunun boltları köhnəlmiş və yolda gedərkən sürətlər qutusuna görə qəza da baş verə biləcəyini demişdir. Orada çilingər olaraq tək işləyir. Ondan başqa çilingər yoxdur. Tələblərini şifahi qaydada etmişdir. Bundan başqa whats app qrupuna da dəfələrlə yazaraq boltların əvəz olunmasını tələb etmişdir. Hadisə vaxtı orada tək iş görmüşdür və yanında kimsə olmamışdır. Hadisə baş verdikdən sonra Əzizə ağrıları olduğunu və hadisə barədə məlumat vermişdir. 08 aprel 2024-cıi il tarixdə səhər saatlarında iş tapşırığını Şəxs almışdır. 08 aprel 2024-cü il tarixdə səhər saatlarında iş tapşırığı aldıqdan sonra sərbəst qaydada işə başlamışdır. Tapşırıq aldıqdan sonra ona nəzarət olunmamışdır. İşi hansı qaydada edəcəyini özü bilmişdir. 08 aprel 2024-cü il tarixdə xəsarət alan zaman ilk olaraq “Medi Oluba” müraciət etmişdir. 2024-cü ilin aprel və may aylarında bir neçə dəfə orada müayinələrdə olmuşdur. Müayinə zamanı məlum olmuşdur ki, sağ əlinin 5-ci daraq sümüyünün yerdəyişən sınığı xəsarəti almışdır. Bununla bağlı rentgen müayinəsindən keçmişdir. Əlinə gips qoyulmuş, lakin sınıq düzgün bitişməmişdir. Bundan başqa Bakı Sağlamlıq Mərkəzində və Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-də müayinələrdə də olmuşdur. Həkim müalicə idmanının aparılması və fizioterapiya məsləhət görmüşdür. Ona dəymiş zərərin ödənilməsini və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya nümayəndəsini göndərməmiş, tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-2-2-400-2172 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması” haqqında qərardan görünür ki, "xxxx" MMC-də çilingər vəzifəsində işləyən X2 xx.xx.2024-cü il tarixdə cəmiyyətə məxsus “İsuzu NPR-75” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunu təmir edərkən sürətlər qutusunun botlarını açarla sökməyə çalışan zaman açarın əlindən çıxması və sağ əlinin son iki barmağını ramaya sərt dəyməsi səbəbindən az ağır xəsarət alması faktı ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X5 tərəfindən cansı şəxsin ekspertizası ilə bağlı verilmiş 20 sentyabr 2024-cü il tarixli, 2226 saylı rəyinə əsasən 1986-cı il təvəllüdlü vətəndaş H.Məmmədovun almış olduğu xəsarət - sağ əlin 5-ci daraq sümüyünün az yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, müayinə olunan şəxsin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdilər; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir.
Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında qərarın dəlillərini araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə inzibati təhbeh tətbiq edilməməlidir. Belə ki, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 198.3-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir; 38.1–ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri–hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri–hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 38.5–ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.3-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin
Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov