Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-784/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, müəyyən etdim: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(012)-648/2025 saylı qərardadı ilə həmin protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin məhkəmənin qeyd olunan qərardadında göstərilən, iş üzrə yol verilmiş kobud qanun pozuntuları aradan qaldırılmadan təkrarən protokol məhkəməyə göndərilmişdir. Bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş protokolda Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3(012)-648/2025 saylı qərardadı ilə göstərilən nöqsanların aradan qaldırılması üçün inzibati xəta haqqında material ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş 07 fevral 2025-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər təkrar olaraq geri qaytarılsın. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-784/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-784/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver