Məhkəmə qərarları › İş №3(012)-785/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-785/2023

09.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-785/2023 09.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, protokolu tərtib edən şəxs Ekologiya YPX inspektor polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyündən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında X3 xidməti İXP ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 09 may 2023-cü il tarixdə saat 15:45 radələrində manevr qaydasını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında dindirilmiş protokolu müdafiə edən şəxs X2 protokola uyğun izahat verməklə məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil inzibati xəta törədən barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan 09 may 2023-cü il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrin təsiri altında olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi peşmançılıq çəkməsini Şəxs xx.xx.2019-cu il təvəllüdlü Ömər adlı 1 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddələri ilə təqsirli bilinsin və 04 (dörd) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar