Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-787/2020 24.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər DYPİ-in xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından X3 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Bakı şəhər DYPİ-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh edilərək 60 manat məbləğində cərimə edilməsinə dair TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci ildə, saat 08:15-də idarə etdiyi Hyundai Sonata minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 Yanvar dairəsi-körpünün altından üzü Ziya Bünyadov (Dəməgül) prospekti istiqamətində svetoforun yaşıl işığında keçəndən sonra qarşıda tıxac yaranmışdır. Yaşıl işıqda yolun əsas hissəsini keçməyinə baxmayaraq, ərazidə patrul xidmətini aparan ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili tərəfindən saxlanılmışıdr. Maşında olan 2 nəfər YPX inspektorundan biri ona yaxınlaşaraq, svetoforun qırmızı işığında hərəkət etdiyinə görə onu saxladığını bildirmişdir. Tərəfindən YHQ-nın pozulmadığını və svetoforun hərəkət üçün icazə verilən yaşıl işığında keçdiyini YPX inspektoruna bildirsə də, inspektor buna əhəmiyyət verməmişdir. YHQ-nın onun tərəfindən pozulmasına dəlalət edən sübutun göstərilməsini ondan tələb etsədə, inspektor bununla bağlı heç bir əsas göstərə bilməmiş və israrla protokol yazmışdır. Tərtib olunan protokol ilə razı olmadığını, onu imzalamaqdan imtina etdiyini və protokolu ünvanıma göndərməyini inspektora bildirmişdir. Bütün bunlara baxmayaraq, YPX inspektoru ona qarşı kobudluq göstərmiş və onun maşına əyləşən zaman qapını əli ilə tutaraq, bağlamağına mane olaraq, qapını zorla tam açmış, protokolu təkidlə ona uzadıb, zorakı hərəkəti ilə qapının cəftəsini qırmışdır. Sonra maşını sürüb getmişdir. Bundan əlavə işə baxılarkən ona məlumat verilməmiş, iştirakı təmin olunmamış, Azərbaycan Respublikası İXM-in 61-ci maddəsi ilə təminat verilən hüququları pozulmuşdur. Bakı şəhəri DYPİ-si tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə ona vaxtında məlumat verməmiş, onun işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştiraknı etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi göndərməmişdir. Onun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2020-ci il tarixdə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Buna görə Bakı şəhəri DYPİ-nin yol patrul xidmətinin inspektoru X2 tərtib etdiyi xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri DYPİ-nin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir, 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2020-ci il tarixdə baxılmışdır. X3 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svertoforun və nizamlayıcının qadağanedici tələblərinə riayət edilməməsinə görə altmış manat cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X6 ərizəsində protokolda yazılanlarla razı olmadığını bildirərək, protokola imza etməkdən imtina etmişdir. Buna baxmayaraq X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Tərtib edilmiş protokolda “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsinin tələbinin pozulduğu tam göstərilməmişdir. Çünki “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinin 5-ci bəndinin tələbinə əsasən yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələridir. Bundan əlavə Bakı şəhəri DYPİ-si X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2020-ci il tarixdə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. X3 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X3 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 (altmış) manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri DYPİ-nin yol patrul xidmətinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri DYPİ-nin yol patrul xidmətinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-787/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-787/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver