Məhkəmə qərarları › İş №3(012)-788/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-788/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-788/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən şəxs X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin MN0367291 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X6 oğlu tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi verməklə Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin MN0367291 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin müdiri X7 xx xxxxxx 2019-cu tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 1 000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar heç bir maddi və ya prosessual norma ilə əsaslandırılmasa da qərarın çıxarılması üçün əsas olmuş ******* saylı, xx xxxxxx 2019-cu il tarixli protokolda qeyd edilib ki, Abşeron rayonu. Saray qəsəbəsi ərazisində yerləşən mülkiyyətində 0.02 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparmaqla torpağın münbit qatı korlanmışdır. Protokolda qeyd edilən həmin əsaslarla razı deyil. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mülkiyyətində olan 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini o, xx xxxxx 2017-ci ildə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X3. 2017-ci ildən torpaq sahəsini X15 istifadə edir. Həmin torpaq sahəsində Elman Məlikov tərəfindən iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Onda olan məlumata əsasən Elman Məlikov evin tikintisinin eskiz layihəsini də tərtib etdirmiş, tikintiyə icazəni RİH-dən almışdır. Ona tətbiq edilən cərimə məbləğindən sonra yuxarıda qeyd edilənlər ilə maraqlanmış və məlumat toplamışdır. 2017-ci ildən onun istifadəsində olmayan torpaq sahəsi üçün inzibati cərimə tətbiq edilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı idisə, nə üçün Azərbaycan Respublikası ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr xidmətindən ona mülkiyyət hüququ verilirdi. Eyni zamanda Məlikov Elmana fərdi yaşayış evi tikilməsi üçün icazə verilirdi? O, qeyd etdiyi sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin müdiri X9 təqdim etsə də, onu məlumatlandırmadan müəyyən səbəblərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir. Halbuki 3 ildir ki, o, torpaq sahəsini satmış və hazırda başqa şəxsin istifadəsindədir. Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin müdiri X7 xx xxxxxx 2019-cu il tarixli, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını, xahiş edir. Məhkəmə prosesində X6 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin MN0367291 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X6 barəsində İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı inzibati tənbehvermə haqqında qərar verilmiş, X1 mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilmiş, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməlidir. İnzibati xəta haqqında işə yenidən baxılarkən iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və inzibati xətalar haqqında qanunla müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X6 barəsində İXM-nin 244.2-ci maddəsi ilə MN ******* saylı protokol tərtib olunmuş, həmin protokol əsasında xx xxxxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. X1 mülkiyyətində olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanmasının müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli AN-1№ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonu, Saray qəsəbəsində olan 0,02 ha torpaq sahəsini X13 4000 manata satmışdır. İş materiallarında olan Abşeron rayonu, Saray qəsəbəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin aparıcı müfəttiş X17, müfəttiş X16 və məsləhətçi Nümayəndə iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən X4 mülkiyyətində olan 0,02. ha torpaq sahəsində ev tikib başa çatdırılmışdır Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 xx xxxxxx 2019-cu il tarixli akt, eyni zamanda xx xxxxxx 2019-cu il tarixli protokol və xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı qərar tərtib olunarkən məlumatsız olmuş, şəxsin iştirakı təmin edilməmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. X4 məhkəməyə ünvanlandığı şikayət ərizəsindən həmin əmlakı xx xxxxx 2017-ci il tarixdə satdığını, orada heç bir tikili inşa etmədiyini, hazırda həmin əmlakın üçüncü şəxsə məxsus olmasını, tikilinin də RİH-nin icazəsi əsasında məhz onun tərəfindən aparılsığını göstərmişdir. X4 şikayəti araşdırılarkən ƏMDX Abşeron Ərazi Şöbəsi nümayəndəsi əsaslı tikintinin nə vaxt tikilib başa çatdırılmasını, hazırda kimə məxsus olmasını araşdırmadan, barəsində protokol tərtib olunan şəxsin iştirakının olmamasına baxmayaraq qeyd olunan pozuntuya dair protokolun xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmasını izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta üzrə qərarda inzibati xəta hadisəsinin tərtib edildiyi tarix, inzibati xəta törədən şəxsin konkret olaraq hansı halla bağlı təqsirli olması, həmin şəxsin izahatı və həmin halı təsdiq edən sübutlar göstərilməmiş, yalnız X4 mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması qeyd olunmuş, istinad olunan hal ümumi sözlərdən ibarət olmaqla konkret olaraq hansı faktla bağlı olması, törədildiyi vaxt və bu kimi halların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə X5 münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata təqsirli olmaması səbəbindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin MN0367291 saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar