Məhkəmə qərarları › İş №3(012)-788/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-788/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-788/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon, Rəsulzadə qəsəbəsi, Sıra 06, ev 27A-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ağakişiyev küçəsi, ev 44-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 25.08.2020-ci il tarixli icra qeydinə əsasən Şəxs kredit müqaviləsi üzrə 16000 manat məbləğində pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, tələbkar X4 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, 25.08.2020-ci il tarixli icra qeydi 28.08.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra qeydini icra etmək mümkün olmamışdır. Borclu Şəxs borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan borcundan 1000 manat ödəmiş, qalan borcunu ödəməmişdir. Hazırda borclu Şəxs 16000 manat borcu vardır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs ondan 17000 manat məbləğində pul almış, bunun müqabilində aralarında hər ay 1000 manat pul qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmışdır. Şəxs həmin məbləğdən 1000 manat qaytarsa da qalan məbləğdən ödəniş etməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, aralarındakı bağlanmış kredit müqaviləsinə əsasən, 17000 manat məbləğində pul tələbkardan almışdır. Sözügedən icra qeydinə əsasən tələbkara olan pul borcundan ödəniş etsə də son vaxtla respublikada pandemiya ilə əlaqədar işləyə bilməmişdir. Ona görə də tələbkara borclu olduğu puldan ödəniş edə bilməmişdir. İmkanı olduğu təqdirdə borcundan ödənişlər edəcək. Tələbkara olan 16000 manat borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi, Vəkil məhkəmədən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1 -ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. 25.08.2020-ci il tarixli icra qeydinə əsasən 16000 manat borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 07.05.2021-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar