Məhkəmə qərarları › İş №3(012)-788/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-788/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-788/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Abşeron DYP-nin polis-leytenantı X3 iştirakları ilə X1 Abşeron DYP-nin polis-leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron DYP-nin polis-leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Bolmart marketin qarşısında hərəkətdə olarkən, marketin dayanacağında, gözlə görsənməyən yerdə dayanmış **-YP-*** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili ilə onun arxasında hərəkət etmişdir. Həmin yol patrul xidməti əməkdaşı tərəfindən ona heç bir işarə verilməmişdir. Dayanmaq barədə xəbərdarlıq edilməmişdir və avtomobilin arxası ilə hərəkəti davam etmişdir. O Abşeron rayonu, Fatmayı yolundan sola, Mehdiabad qəsəbəsinin içərisinə tərəf dönərkən patrul maşını da dönmüş onu heç bir əsas olmadan təqib etməyə, demək olarki qovmağa başlamışdır. Bu zaman o həyəcan keçirmiş və idarəetməni itirərək avtomobili divara dəymişdir. Avtomobilin qabaq hissəsi sıradan çıxmışdır və özü də cüzi xəsarətlər almışdır. Bunu görən yol patrul əməkdaşı dərhal maşını döndərərək hadisə yerini tərk etmişdir. Onun tərəfindən heç bir qayda pozuntularına yol verilməmişdir və hər hansı bir cərimə olmamışdır. Yəni təqib, qovulmağı üçün əsaslar mövcud olmamışdır. İnzibati xəta haqqında protokolda onun əks istiqamətli zolağa çıxmadan manevr etmə qeyd edilmişdir ki, halbuki onun hərəkətdə olduğu yolda qoşa xətt yoxdur, mövcud olmamışdır və onun döndüyü, yəni manevr etdiyi yerdə dönmə üçün heç bir qadağa nişanı yoxdur. İnzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, sübutlar foto video çəkiliş əlavə edilməmişdir və beləliklə qanunvericiliyin tələbləri pozulmaqla o cərimə edilmişdir. Ona görə də şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Abşeron DYP-nin polis-leytenantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Abşeron DYP-nin polis-leytenantı X5 şikayəti əsassız hesab edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində X1 idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bolmart marketin qarşısında hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən ona saxla işarəsi verilmiş, sürücü tələbə məhəl qoymaraq hərəkətini davam etdirmişdir. Yol patrul əməkdaşı həmin avtomobilin arxasınca xidməti avtomobillə hərəkət edərək əmrə tabe olmasını tələb etmiş, lakin sürücü hərəkətini davam etdirərək, polisin qanuni saxla işarəsinə tabe olmamışdır. Araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin sürücüsünün xətanın baş verməsində təqsirləri müəyyən olunaraq barəsində tənbeh tədbiri tətbiq olunmuşdur. O cümlədən X4 həmin vaxt əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə edilmişdir. X1 izahatı alınmışdır. Daha sonra sürücünün atası DYPŞ-nə gələrək, qeyd edilən tarixdə oğlunun hadisə törətməsini bildirmişdir. Hər iki inzibati xəta törədildiyi yer eyni küçədə və eyni tarixdə baş versə də ayrı-ayrı vaxtlarda törədilmiş və ayrı-ayrı vaxtlarda onun icraatına daxil olmuşdur. Araşdırma apardıqdan sonra sürücü barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə protokollar tərtib edilmişdir. Qeydə alınmış videogörüntülərlə də inzibati xəta öz təsdiqini tapmışdır, X1 şikayətində göstərilənlərin əsası yoxdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron RPİ-in X8 Şöbəsinin YPX inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:00-da “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir; -Abşeron RPİ-in X8 Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 15:00-da “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X1 Abşeron DYP-nin polis-leytenantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. -Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 3(012)-788/2022 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Abşeron RPİ-in X8 Şöbəsinin yol patrul avtomobilinə quraşdırılmış videokameraların qeydə aldığı görüntülərdən görünür ki, X4 idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən ona saxla işarəsi verilməsi, sürücü tələbə məhəl qoymaraq hərəkətini davam etdirməsi, yol patrul əməkdaşı həmin avtomobilin arxasınca xidməti avtomobillə hərəkət edərək əmrə tabe olmasını tələb etməsi, sürücü hərəkətini davam etdirərək, polisin qanuni saxla işarəsinə tabe olmaması müəyyən olunur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə saat 15:00da “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol əsasında isə inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Abşeron RPİ-in DYPŞ-nin polis-leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar