Məhkəmə qərarları › İş №3(012)-789/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-789/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-789/2020 07.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X2 barəsində tərtib olunmuş TP3593359 saylı, xx.xx.2020-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş TP3593359 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X2 ərizəsini onunla əsaslandırdı ki, o, xx.xx.2020-ci il yaşadığı ünvandan ölkədə elan olunmuş karantin rejiminin tələblərinə riayət edərək yas mərasimində iştirak etmək məqsədi ilə 055 *** ** ** nömrəsindən 3-cü indeks üzrə “sms icazə" sistemindən müraciəti saat 10:44-də qəbul olunmuş, yas mərasimindən qayıdarkən Masazır dairəsində qurulmuş postda Abşeron RPİ DYP-nin əməkdaşı portalda icazənin olmasını yoxlamış və yuxarıda qeyd etdiyi icazə sms öz təsdiqini tapmamış, bu səbəbdən həmin sms-in görüntüsünün olmasına baxmayaraq Abşeron RPİ DYP-nin əməkdaşı tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsi ilə təqsirli bilinərək ona 100 (yüz) AZN məbləğində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin elektron portalında yaranmış texniki qüsur nəticəsində yaranmış və qeyd olunan hərəkətlər ölkədə elan olunmuş karantin rejiminin tələblərinin pozulmaması ilə həyata keçirilmişdir. Sonda o, barəsində qəbul edilmiş TP3593359 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP3593359 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X6 oğluAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X6 oğlu barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X1 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X2 respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar X3 X4 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə saat 10:44 radələrində 3-cü indeks üzrə müraciət etmiş, ona yaşayış yerini tərk etmək barədə sms gəlmiş, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol isə 11:00 radələrində tərtib olunmuşdur. Məhkəmə belə hesab edir ki, X2 faktiki yaşayış yerini tərk edərkən 8103 icazə sisteminin tələblərinə riayət etdiyi üçün Abşeron DYPİ-i tərəfindən qəbul edilmiş TP3593359 saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-nin DYPŞ-i qəbul edilmiş TP3593359 saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar