Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-79/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17017822 saylı qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, EQ 17017822 saylı qərarın ləğv edilməsini və iş üzrə icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin EQ17017822 saylı inzibati xəta haqqında protokol ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 300 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində mülkiyyətində olan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması müəyyən edilmiş, nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun onda olması və sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə elektron protokol tərtib edilmişdir. Tərəfindən dərhal AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə müraciət edilmiş və avtomobillərin onun istifadəsində olmaması, yol vərəqəsi əsasında müxtəlif şəxslər tərəfindən idarə edilməsi bildirilmişdir. Lakin polis əməkdaşları tərəfindən verilən şifahi məlumata əsasən protokolun elektron qaydada tərtib edildiyi və bununla bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. Qeyd etmək istəyir ki, onun təsisçisi olduğu "xxxx" MMC şirkətinə verdiyi mülki etibarnamə əsasında mülkiyyətində olan bütün daşınar əmlakları idarə və istifadə etməyi və onların üzərində sərəncam verməyi və digər bütün növ səlahiyyətlərin verilməsini etibar etmişdir. Bu səbəbdən inzibati xətaların törədildiyi nəqliyyat vasitəsinə dair X2 (SA/ BB715254 avtomobillərin nisyə alqı-satqı haqqında müqavilə əsasında satıldığı müştərilərə) "xxxx" MMC tərəfindən yol vərəqələri təqdim edilmiş və həmin yol vərəqələri əsasında avtomobillər idarə edilmişdir. Tərtib edilmiş inzibati protokolun və qərarın heç bir hüquqi əsası olmadığından həmin protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxsə və qərarından şikayət verilmiş orqanın nümayəndəsinə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 21 sentyabr 2023-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, şəxsin inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmadığından və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruri olduğundan X1 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17017822 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17017822 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-79/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-79/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver