Məhkəmə qərarları › İş №3(012)-791/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-791/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-791/2021 02.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə X3 04 may 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, 04.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və barəsində olan inzibati işə xitam verilməsinə dair şikayətinə baxaraq, Müəyyən etdim: X4 şikayətlə məhkəməyə müraciət edərək, 04 may 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, 04.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 19 aprel 2021-cı il tarixdə təxminən səhər saat 08:15-də idarə etdiyi avtomobili ilə yaşadığı ünvanı tərk edərək ünvan 1ağ tərəfinə nəzər yetirmiş və görmüşdür ki, sağ tərəfdən gələn ağ rəngli “Daewoo Prince markalı avtomobilin sürücüsü mobil telefona baxa-baxa avtomobil idarə edir. O, aralarındakı məsafəni nəzərə alaraq yoluna davam edib yol ayrıcını keçdikdən sonra həmin avtomobilin sürücüsü yola nəzər yetirmədən onun idarə etdiyi avtomobili arxa sağ təkərinin üst hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobildən düşərək adını bilmədiyi yol nəqliyyat hadisəsini törədən şəxslə söhbət etmiş, Söhbət əsnasında ona sığortanı çağırmağını və sığortadan nə alsaq qənimətdi deyərək öz fikrini bildirmişdir. O da həkim olduğunu və hal-hazırda əməliyyata getdiyini ona izah etməyə çalışmışdır. Eyni zamanda ona, yol nəqliyyat hadisəsində törətməkdə günahkar olduğunu izah etmişdir və oda öz növbəsində onun gəldiyi yolun baş yol olduğunu bildirərək özünə haqq qazandırmağa çalışmışdır. Sonradan yol nəqliyyat hadisəsini törədən şəxslə razılığa gəlmiş, onun telefon nəmrəsini götürmüş və hadisə yerini tərk etmişdir. Müəyyən vaxt keçdikdən sonra həmin şəxs ona yenidən zəng edərək hadisənin olduğu yerə qayıtmağını istəmişdir, o isə artıq hadisə yerindən xeyli uzaqlaşdığını bildirmişdir. Yol nəqliyyat hadisəsini törədən şəxs onun barəsində Azərbaycan Respubliksmm Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmiş və 102 xidməti hadisənin törədilən yerin Binəqədi rayon ərazisi kimi qeydə alaraq yol nəqliyyat hadisəsinin araşdırılması üçün Binəqədi DYP-yə ünvanlamışdır. Binəqədi rayon DYP-dən ona məlumat verilmiş və onun ora gedib izahat verməyi xahiş olunmuşdur. O, Binəqədi DYP-yə gedib izahat yazaraq yol nəqliyyat hadisəsinin necə baş verdiyini öz izahatında bildirmiş və hadisənin törədildiyi ərazinin Binəqədi yox Abşeron rayonuna aid olduğunu qeyd edərək inzibati işin aidiyyəti üzrə Abşeron DYP-yə göndərilməsini xahiş etmişdir. İş Abşeron DYP-yə gəldikdən sonra Abşeron DYP-nin polis kapitanı Abasov Cəmin mobil telefon vasitəsi ilə ona zəng vuraraq 04.05.2021-ci il tarixdə Abşeron DYP-yə gəlməyini bildirmişdir. O, həmin vaxt əməlyyatda olacağını nəzərə almağını və izahat verilməsinin başqa vaxta təyin etməsini xahiş etmişdir. Abşeron DYP-nin polis kapitanı Cəmin Abasov onun iştirakını təmin etmədən, işi araşdırmadan, hadisə yerinə baxış keçirmədən və heç bir sübuta fakta əsaslanmadan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1ci maddələri ilə inziabti xəta törətdiyinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Abşeron DYP-nin polis kapitanı Yol Hərəkəti haqqında qanunun tələblərini pozaraq onun barəsində əsassız inzibati tənbeh etmə haqqında qərar qəbul etdmişdir. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərini pozmamışdır çünki, o, hadisə olan zaman avtomobildən düşərək onun avtomobilini vuran şəxslə söhbət etmiş və nömrəni ona verərək bildirmişdir ki, işi ilə əlaqədar tələsir və aralarında razılığa gələrək hadisə yerini tərk etmişlər. Digər bir tərəfdən isə o qarşı hərəkət zolağına çıxmaq kimi nəqliyyat vasitəsinin '‘Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq kobud qayda pozuntusu törətməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsində təqsrli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd etmək istəyir ki, yol nəqliyyat hadisəsi olan ərazidə bu maddənin tələblərinin pozulması qeyri-mümkündür çünki həmin ərazi daşlı-şebelli qrunt yoldan ibarətdir həmin ərazidə manevr etmək qarşı yola keçmək kimi bir hadisə ola bilməz. Göründüyü kimi Abşeron DYP-nin əməkdaşları həmin əraziyə vizual baxış keçirmədən və hadisə barədə heç bir araşdirma aparmadan ona qarşı əsassız protokol tərtib edərək həmin protokol əsasında qərar qəbul etmişlər. Barəsində tərtib edilmiş protokola və iş üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda onun təqsirinin olmasını sübut edən heç bir sübut (hadisənin baş vermə mexanizmini təsdiq edən foto şəkil, video görüntü, və s.) əlavə edilməmiş, yalnız protokolda avotmatik şəkildə yazılmış cümləyə istinad edilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar hərtərəfli araşdırma aparılmadan və təqsiri sübuta yetirilmədən qəbul edilmişdir. Şikayətin təmin edilməsini xahiş edir. Barəsində şikayət verilən Azərbaycan Respublikası Abşeron rayon DYP-nə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş vasitəsi ilə məlumat verilsə də, məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Azərbaycan Respublikası Abşeron rayon DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, işdə olan Abşeron rayon DYP-nin polis kapitanı X8 tərəfindən tərtib edilmiş 04 may 2021-ci il tarixli, İXP ******* saylı saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 “OPEL ZAFİRA” minik markalı, 99RK580 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqsliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına manevr edərək, yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrini pozduğuna görə Azərbaycan Respublikası Abşeron rayon DYP-nin polis kapitanı X8 barəsində inzibati tənbeh vermə haqqında 04.05.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Abşeron DYPİ tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat cərimə nəzərdə tutulmuşdur. Həmin məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X2 öz ərizəsində hadisə yerindən yayınmağı etiraf etmişdir. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Odur ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Abşeron DYPİ tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 04 may 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, 04.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və barəsində olan inzibati işə xitam verilməsinə dair şikayət təmin edilməsin, Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar