Məhkəmə qərarları › İş №3(012)-791/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-791/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-791/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Tələbkar: Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X7, Füzuli küçəsi, ev 34 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X6iunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment pulun tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. Borclu hazırki vaxtadək aliment üzrə icra borcundan 400 manat məbləğində pul ödəmişdir. Onun hazırda alimentlə bağlı icra vərəqəsi üzrə 4811 manat aliment borcu vardır. Bundan başqa Bakı şəhəri 14 saylı Notariat Kontorunun 12848 saylı, xx.xx.2015-ci il tarixli icra qeydinə əsasən Şəxs 4529 manat pul tutularaq X4 ödənilməlidir. Borclu hazırki vaxtadək icra qeydi üzrə icra borcundan 500 manat məbləğində pul ödəmişdir. Onun hazırda icra qeydi üzrə 4029 manat borcu vardır. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməməsinin səbəbini işsizlə əlaqələndirərək, öhdəliyin icrasından yayınmışdır. Qeyd olunanaları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Bundan sonra xx.xx.2023-cü il tarixli qərara əsasən borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Qeyd olunan icra sənədləri üzrə aliment borcu 4811 manat və icra qeydi üzrə borc 4029 manat pul təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, tələbkarlara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddət işləmədiyi üçün tələbkarlara olan borcundan ödənişlər edə bilməmişdir. Ona 10 gün vaxt verilərsə icra vərəqələri üzrə yaranmış borcundan ödənişlər edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, borclu tərəfindən hazırki vaxtadək 400 manat pul ödənilmişdir. Son bir il ərzində dəfələrlə əlaqə sxlayaraq borcunu ödəyəcəyini bildirsə də, borclu tərəfindən ümumiyyətlə ödəniş edilməmişdir. İcra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri 14 saylı Notariat Kontorunun 12848 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 4529 manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment pulun tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X7, Füzuli küçəsi, ev 34 ünvanında qeydiyyatda olan Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardada əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X7, Füzuli küçəsi, ev 34 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışır. xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsinə dair qərardan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 12848 saylı, xx.xx.2015-ci il tarixli, xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1172/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədlərinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. İcra məmurunun qnuni tələblərini yerinə yetirməyərək, çağırışlara gəlməkdən boyun qaçırmış, qərəzli şəkildə öhdəliyini icra etməyərək inzibati xəta törətmişdir. Beləliklə məhkəmə borclu tərəfindən icra sənədləri üzrə yaranmış borcundan uzun müddət ərzində ödənişlər etməməsini və icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, məsuliyyətdən yayınmaq məqsədi ilə yaşayış yerini tez tez dəyişməsini, çağırışlara gəlmədiyi üçün barəsində axtarış verildiyini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar