Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-794/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati qərardan verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Əli Baxışzadə şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, 15 aprel 2024 tarixində saat 00:05 radəsində ona məxsus Volkswagen Passat markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə, ona adı məlum olmayan küçə ilə Xırdalan şəhəri, Heydər Əliyev küçəsi ilə «T» şəkilli yolun kəsişməsində, işıqforın qırmızı işığında gözlədikdən sonra Heydər Əliyev küçəsi ilə sola dönərkən, qarşısında olan qırmızı rəngli Toyota markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti göstərən sürücü döngədə qoyulmuş 3.27 yol nişanın qarşısında, dayanma və durma qadağan olunmuş yolun hərəkət hissəsində sərnişin götürmək üçün ani tormozlama etmiş və görünüş bucağı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız sol arxa stop və dönmə siqnalının göründüyünə görə qəza işıqlarının (yəni, sol və sağ sarı işıqlar birlikdə) yanmadığını nəzərə alaraq, hərəkətinə davam etdiyi halda yüngül qəza baş vermişdir. Qarşı tərəfin sürücüsü ona qarşı qeyri-adekvat hərəkətlər etsə də, avtomobilin şəkillərini çəkərək və yolu kəsməmək üçün avtomobilləri yolun kəsişməsində deyil, daha öndə saxlamağı təklif etmiş, sürücü bundan imtina etmişdir. Bir neçə dəqiqə sonra arxadan gələn qara rəng Mercedes GL model avtomobil onun avtomobilinin sol bamperini sürtərək keçmişdir. Bunlara baxmayaraq, qarşı tərəf özünü zərərçəkən hesab edir və avtomobilində öncədən skoçlanmış stopu və sürtülmüş bamperina görə boya ilə bağlı cüzi ziyan olmasına baxmayaraq ondan pul vəsaiti tələb etmiş, hadisə ilə bağlı xəsarət alan olmamışdır. Qeyd edilənlərə əsasən Abşeron rayon X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon X7 İdarəsinin polis kapitanı X4 tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 aprel 2024-cü il tarixdə, saat 00:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “VOLKSWAGEN PASSAT” minik markalı, 10BA345 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 15 aprel 2024-cü il tarixdə, saat 00:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “VOLKSWAGEN PASSAT” minik markalı, 10BA345 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüdən də aydın görünür ki, qarşıda hərəkətdə olan nəqliyyat vasitəsi qəza işıqlarını yandırmaqla hərəkətini dayandırmışdır. Həmin nəqliyyat vasitəsinin sürücüsünün əməlinə qiymət verilməsi isə məhkəmədə baxılan işlə əlaqədar deyildir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Abşeron rayon X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-794/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-794/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver