Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-794/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonunun Şurbad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Şurabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Tərlan Gülməmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi Tərlan Gülməmmədov izahat verərək bildirdi ki, Şəxs 31 mart 2025-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində Abşeron RPİ-nin əməkdaşları tərəfindən narkotik maddələrin qəbulunda şübhəli şəxs kimi saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsindən THC (+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, 31 mart 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində olarkən PPX əməkdaşları ona yaxınlaşaraq, şübhəli olduğunu bildirərək, idarəyə dəvət etmişlər. İdarədə olan zaman ondan sorğu zamanı narkotik vasitə istifadə edib-etmədiyi soruşulduqda o, narkotik vasitə istifadə ediyini etiraf etdikdə polis əməkdaşları tərəfindən Sumqayıt RND-ə aparılaraq, həkim müayinəsindən keçmiş və sidik analizindən marixuana qalıqları aşkar olunmuşdur. O, sonuncu dəfə mart ayının əvvəllərində narkotik vasitələrdən istifadə etmişdir. O, həmin müddətdən indiki vaxta qədər narkotik vasitələrdən istifadə etməmişdir. Əməlindən peşman olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Elşən Məmmədbəyli hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi” məqsədi ilə aparılan tibbi müayinə haqqında 01 aprel 2025-ci il tarixli, A/660 saylı protokoldan görünür ki, müayinə nəticəsində Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sidik müayinəsində marixuana qəbul faktları aşkar olunmuşdur;
2. “İnzibati qaydada tutma” haqqında 01 aprel 2025-ci il tarixli, AZA ******* №-li protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 31 may 2025- ci il tarixdən, saat 22:00-dan məhdudlaşdırılmışdır;
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 01 aprel 2025-ci il tarixli, 1772 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olmuş, lakin hal-hazırda Şəxs müayinə zamanı narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkamaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən olundu. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür.
4. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən “cinayət işinin başlanması rədd edilmişdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, həmçinin narkamaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunan Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 31 may 2025-ci il saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Xızı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Vaqif Həsənov