Məhkəmə qərarları › İş №3(012)-796/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-796/2021

12.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-796/2021 12.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Masazır kəndi, N.Əsgərov küçəsi, ev 37-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 19.04.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Retro təmir məntəqəsində icazəsiz avtomobilindən katalizatoru çıxartdığına görə aralarında yaranmış mübahisə zamanı həmin məntəqədə usta işləyən Zərərçəkmiş şəxs bədən nahiyyəsindən vuraraq, ona fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Retro təmir məntəqəsində usta işləyən Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, 19.04.2021-ci il tarixdə işlədiyi məntəqədə Şəxs avtomobilindən katalizatoru çıxartdığına görə aralarında yaranmış mübahisə zamanı Şəxs onun bədənindən vuraraq ona fiziki ağrı yetirdiyini bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 19.04.2021-ci il tarixdə özünə məxsus OPEL ASTRA markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Retro təmir məntəqəsinə gəlmişdir. Məntəqədə Nurlan adlı usta avtomobilə baxış keçirdikdən sonra ona qluşitelin təmizlənməsini məsləhət görmüşdür. Üstündə pulu az oğduğuna görə etiraz etsə də Nurlan pulu sonra verməsini deyərək, qluşiteli təmir etməyə başlamışdır. Təmirdən sonra avtomobili idarə edərkən narahatlıq hiss etmiş, yoxlandırdıqda katalizatorun söküldüyünü ona bildirmişlər. Bununla əlaqədar təmir məntəqəsində Nurlanla aralarında mübahisə düşmüş, mübahisə zamanı qarşılıqlı olaraq, bir birlərini vurmuşlar. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Retro təmir məntəqəsində usta kimi çalışır. 19.04.2021-ci il tarixdə Şəxs idarə etdiyi avtomobillə məntəqəyə gəlmişdir. Avtomobilə baxarkən Elşada avtomobilin qluşitelini təmizlənmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Elşad özü avtomobildə boğulmalar olduğunu dedikdə, Elşada katalizatorun çıxarılmalı olduğunu bildirmişdir. Daha sonra Elşadın öz razılığı ilə avtomobilin katalizatorunu çıxarmışdır. Elşad sonradan geri qayıdaraq, onunla mübahisə etmiş, mübahisə zamanı gözləmədiyi halda Elşad əlləri ilə vuraraq, onu döymüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 23.04.2021-ci il tarixli, 813 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ kürək və sol baldır nahiyyələrinin sıyrığı bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə yəni 19.04.2021-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmişin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar