Məhkəmə qərarları › İş №3(012)-797/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-797/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-797/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, şikayətçi X5 iştirakı ilə, X5 Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X11 haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətini onunla əsaslandırdı ki, 07 aprel 2024 tarixdə **-YP- *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti inspektoru onu saxlayaraq, yol hərəkəti qaydalarını pozduğunu, qarşıdan gələn avtomobilə yol verməli olduğunu bildirdi. O, polis əməkdaşına qarşıdan gələn avtomobilin onun yol ayrıcında olduğunu görüb, hərəkətini dayandıraraq, işıq siqnalı və əl hərəkətləri ilə yol verdiyini və dönmə əməliyyatını yerinə yetirməyinə icazə verdiyini bildirmişdir. Lakin polis əməkdaşı həmin avtomobilin taksi olduğunu və piyadalara işıq siqnalı verdiyini bildirdi. Daha sonra Polis əməkdaşı ona bildirmişdir ki, idarə etdiyi avtomobilin ödənilməmiş cəriməsi olduğu üçün cərimə meydançasına yerləşdirilməlidir. O, Yol Patrul Xidməti inspektoruna cərimə barədə məlumatının olmadığı və qayda pozuntusunun qardaşı tərəfindən törədildiyini bildirmişdir. Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 ona qarşı aqresiv davranaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edərək eyni tarixli X11 haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. YPX əməkdaşı X3 hadisə zamanı geyim qaydasını pozmuş, X8 əməkdaşlarına yaraşmayan formada danışaraq, hadisə yerini tərk etmişdir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsində qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati qanunvericiliyin tələblərində göstərilir ki müvafiq orqanın əməkdaşı şəxs barəsində elektron protokol tərtib etdikdən sonra onun kağız daşıyıcıda olan sürətini şəxsin tələbi ilə dərhal ona verməlidir. Barəsində protokol tərtib edilən şəxsin həmin protoku imzalamamaq və ora öz qeydlər aparmaq hüquqları vardır. Lakin polis əməkdaşı onun bu tələbinə məhəl qoymayaraq, sonra şöbəyə gedərək orada aydınlaşdırmasını bildirdi. İnzibati qanunvericilik barəsində protokol tərtib olunmuş şəxsin həmin işlə bağlı müvafiq orqana dəvət olunmasını qadağan edir. Bu halda barəsində inzibati protokol tərtib olunmalı həmin polis əməkdaşının özüdür. Çünki vəzifəli şəxs kimi Yol Patrul Xidməti inspektoru onun hüquqlarını pozmuşdur. Hesab edir ki, Abşeron DYPnin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X11 Haqqında Qərar qeyri-qanuni və əsassızdır. Onun tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və YPX əməkdaşı X3 barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iş üzrə əhəmiyyətli olan video görüntünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 07 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, X7 07 aprel 2024-cü il tarixdə idarə etdiyi “NİSSAN X-TRAİL” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Xırdalan şəhəri, Vəli Axundov küçəsində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla 80 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 07 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, X7 07 aprel 2024-cü il tarixdə idarə etdiyi “NİSSAN X- TRAİL” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Xırdalan şəhəri, Vəli Axundov küçəsində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati xəta haqqında 07 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş 07 aprel 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla 80 manat cərimə olunmuşdur. Şikayətə məhkəmə iclasında baxıldığı zaman müəyyən olunmuşdur ki, Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 Hikmət Asif oğlunun barəsində 07 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraat başlamış və elə həmin gün də inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan X5 barəsində tərtib etdiyi 07 aprel 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda, X5 barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Şikayətə əlavə edilmiş 07 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən isə görünür ki, Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru X3 polis serjantı rütbəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokola baxmaq səlahiyyətində olan yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) hesab edilə bilməz. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X2 barəsində qəbul edilmiş 07 aprel 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları və ərazidə quraşdırılmış kamera görüntülərini təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə ərazidə quraşdırılmış kamera görüntüləri təqdim edilməmişdir. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki,hadisənin baş verməsində şikayət verənin təqsirini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən şikayət qərara aid hissədə təmin edilməli, Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli X11 haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron DYP-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli saylı X11 haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar