Məhkəmə qərarları › İş №3(012)-809/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-809/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-809/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, X6 16 aprel 2024-cü il tarixdə, saat 14:10-da ünvan 1 ünvanında yerləşən “Lion Fitness” adlı obyektin üzərində ümumi ölçüsü 20 m2 reklam qurğularını açıq məkanda icazə sənədi olmadan yerləşdirmişdir. Bununla da, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları X7 və X8 tərəfindən ünvan 1 ünvanında yerləşən və X3 fəaliyyət göstərdiyi “Lion Fitness” adlı obyektin fəsadında müvafiq icazə olmadan 20 m2 fəsad reklamı yerləşdirilməsi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Lion Fitness” adlı sahibkarlıq obyektininin vergi ödəyicisi kimi uçotda olan sahibi X6 barəsində xx.xx.2024-cü il tarixdə akt tərtib olunaraq, xx.xx.2024-cü il tarixdə yazılı göstərişlə göndərilmiş və on göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi və icazəsiz reklam yayımını dayandırması tələb olunmuş, lakin sahibkar yazılı göstərişi xx.xx.2024-xü il tarixdə almasına baxmayaraq buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra 08 aprel 2024-cü il tarixli bildiriş ilə sahibkar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 16 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Lion Fitness” adlı obyektinin vergi ödəyicisi kimi uçotda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Rekalm İdarəsinin nümayəndəsini dinələyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X3 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin müfəttişləri X7 və X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X6 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Lion Fitness” adlı obyektin üzərində ümumi ölçüsü 20 m2 reklam qurğularını açıq məkanda icazə sənədi olmadan yerləşdirilməsi və yayınlaması faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişdən görünür ki, X2 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən “Lion Fitness” adlı sahibkarlıq obyektdə açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. X6 bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi barədə xəbərdar olunmuşdur. - İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Lion Fitness” adlı obyektin üzərində reklam qurğuları açıq məkanda yerləşdirilmişdir. Bundan əlavə iş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X6 ********** VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”-nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə,hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: Həmin Qaydanın 3.5.1-ci bəndinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Həmin Qaydanın 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.5.1 -ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi bu səlahiyyətə istinad edərək X4 icazə reklam yayımını dayandırması və müvafiq icazə alması barədə yazılı göstəriş vermiş, sonuncu isə icazəsiz reklam yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən ona məxsus “Lion Fitness” adlı obyektin üzərində reklam daşıyıcılarını qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almaqla yerləşdirməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X3 şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar