Məhkəmə qərarları › İş №3(012)-812/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-812/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-812/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Kürdəmir rayonu, Qağacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, kənd Xırdalanda fərdi evdə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsininİTŞ-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X4 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 102 çağrı mərkəzinə müraciət edərək əri Şəxs tərəfindən məişət zorakılğına məruz qaldığını, döyüldüyünü və onu hədələməsi barədə məlumat vermişdir. Sonra məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Şəxs ünvan 1 ünvanında yaşayan arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibatixəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə içkili vəziyyətdə uşaqlarını görmək üçün arvadı Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, bu zaman arvadı Rusiyada olduğu müddətdə uşaqlarına pul göndərməməsini bəhanə edərək aralarında mübahisə yaranmışdır. O, Zərərçəkmiş şəxs vurmamışdır. Spirtli içki qəbul etdiyi üçün əməlindən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, əri Şəxs ilə ayrılıblar. Mütəmadi olaraq spirtli içki içərək gəlib münaqişə yaradır. xx.xx.2023-cü il tarixdə Şəxs sərxoş halda yaşadığı ünvana gəlmiş, onu döymüş və hədələmişdir. Bu zaman o, bu barədə 102 xidmətinə məlumat vermişdir. Sonda o, Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024cü il tarixli, 2805 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-Tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin sıyrığı və hər iki sağrı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s) təsirindən əmələ gələ bilərdi həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsivə inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, tətbiq edilən inzibati tənbehin inzibati xətanı törədən şəxsi tərbiyələndirməsinə təsirini və inzibati tənbehin məqsədlərinə nail olmağın mümkünlüyün nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi bes) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 11:20-dən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdasinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar