Məhkəmə qərarları › İş №3(012)-815/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-815/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-815/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, “Meridian” fərdi firmasının nümayəndəsi X1 “Meridian” fərdi firması barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında materialına baxaraq MÜƏYYƏN ETDİM : “Meridian” fərdi firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16.05.2022-ci il tarixli, 00100-0936/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında “Meridian” fərdi firmasının nümayəndəsi X2 izahatında göstərdi ki, şirkətin ünvanına gələn mallara dair qısa idxal bəyannaməsi gec verilmişdir. Buna səbəb, daşıyıcı şirkət mallara dair müvafiq sənədləri onlara vaxtında təqdim etməmişdir, yəni gec təqdim etmişdir. Bu səbəbdən qeyd olunan mallara dair tərəflərindən qısa idxal bəyannaməsi gömrük orqanına gec təqdim edilmişdir. Sonda o, firma tərəfindən gömrük qaydalarının pozulduğunu bildirərək barələrində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Meridian” fərdi firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan 16.05.2022-ci il tarixli, 00100-0936/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Meridian” fərdi firmasının (VÖEN **********) ünvanına 99TB933/99ZE933 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4893 sorğu nömrəli gömrük bəyannaməsi bəyan olunan yük üçün qanunvercilikdə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə gətitilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, “Meridian” fərdi firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, “Meridian” fərdi firması hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “Meridian” fərdi firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “Meridian” fərdi firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Meridian” fərdi firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar