Məhkəmə qərarları › İş №3(012)-826/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-826/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-826/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi tərəfindən idarə olunan “Hyundai Sonata” markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Yevlax-Ağdam yolunun 20-ci km-də hərəkətdə olan zaman xüsusi texniki vasitələr tərəfindən İXM-nin 327.2-ci maddəsinin, yəni “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə” tələbinin pozulması ilə bağlı barəsində EQ seriyalı 20478683 nömrəli elektron qərar tətbiq edilməklə əsassız olaraq 80 AZN məbləğində cərimə edilmişdir. Əslində isə həmin elektron qərarın fotosuna baxılan zaman məlum olur ki, orada hərəkət edən nəqliyyat vasitəsi ona məxsus olsa da, inzibati xəta törədilən zaman onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünmür. Yəni həmin vaxt onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünmədiyi üçün əks istiqamətə çıxan nəqliyyat vasitəsinin onun nəqliyyat vasitəsi olub-olmaması dəqiq deyildir. Hətta bu inzibati xəta ilə bağlı hər-hansı bir video görüntü də ona təqdim edilməmişdir. Məhz bu halda ona inzibati cərimə tətbiq edilməsi əsassızdır və bu hal İXM-nin 8-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasının tələbinə uyğun deyildir. Qeyd edilənlərə əsasən, elektron qərara və fotoya baxılan zaman aydın olur ki, onun inzibati məsuliyyəti sübuta yetirilməmiş və həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünmədiyinə görə tam olaraq deyil, şübhəli şəkildə onun barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qərar qəbul edilən zaman, yəni xx.xx.2024-cü il tarixdə o evində olmuşdur. Həmçinin inzibati xətanın aşkar edildiyi saat 19:57 qeyd edilsə də, fotoşəkillər günün işıqlı vaxtında çəkilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Ona görə də, şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 19:57-də Yevlax-Ağdam yolunun 20ci km-də “Hyundai Sonata minik” markalı ** TC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğundan” barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto-şəkildən görünür ki, ** TC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kamaz” markalı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına keçərək ötmə əməliyyatı etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 39-cu bəndinə əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Həmin Qanunun 51-ci maddəsinin V-ci bəndinə əsasən ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Həmin Qanunun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də, başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 19:57-də Yevlax-Ağdam yolunun 20-ci km-də “Hyundai Sonata minik” markalı ** TC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğundan” barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X2 şikayətində özünü təqsirli bilməyərək, əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, inzibati xətanı onun törətmədiyini, həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə saat 19:57-də öz evində olmasını, həmçinin onun avtomobilinin şəkilinin həmin inzibati xəta hadisəsinə aid olmadığını bildirsə də, bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış və həmin qərara əlavə edilmiş foto-şəkildən də görünür ki, şikayətçinin idarə etdiyi “Hyundai Sonata minik” markalı ** TC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etmişdir. Məhkəmə X3 qayda pozuntusu etmədiyini iddia etməsinə baxmayaraq bu barədə məhkəməyə hər hansı sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, X5 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla da işdə olan sübutlarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 20478683 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar