Məhkəmə qərarları › İş №3(012)-828/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-828/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-828/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin (hüquqi ünvanı: Abşeron rayonu, Xirdalan şəhəri, Şamaxı şossesi, VÖEN: **********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə "xxxx" 66590,91 ABŞ dolları məbləğində olan vəsaiti 12 may 2020-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 66590,91 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 bildirdi ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 17 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 2020-ci ilin may ayının 12-nə kimi ölkəyə taxıl idxal edilmişdir. Həmin müddət ərzinə 10 milyon 64 min dollarlıq və eyni qaydada 66590,91 ABŞ dolları məbləğində mal ölkəyə gətirilmişdir. Lakin həmin gömrük bəyamnamələri 1 neçə gün gec gəldiyindən sistemə işlənməmişdir. Onlar bankdan çıxarış almışlar. Ordan da görünür ki, 16 sentyabr 2019-cu il tarixdən 12 may 2020-ci il tarixə kimi həmin mal ölkəyə daxil olmuşdur. Hətta 33 sent onlar xarici ölkəyə borclu qalmışlar. Ona görə də iş ürə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallardan görünür ki: - «AFB bank» tərəfindən Azərbaycan Respublikası Milli Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli, KB-253-2-2022-30 saylı məktubda “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezident tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 02 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyən müştərilərin siyahısı verilmiş, onların arasında "xxxx" -ın də adı qeyd edilmişdir; Bununla da müəyyən edilir ki, "xxxx" MMC 66590,91 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 06 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddətin keçməsinə baxmayaraq 66590,91 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş **********7327 sorğu nömrəli bəyamnamənin məhz 12 may 2020-ci il tarixli köçürməyə aid olması təsdiqini tapmamışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş AFB bank tərəfindən Abşeron Taxıl MMC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli avans 492284,85 ABŞ dolları ödəniş üçün **********6156, **********6355 nömrəli (malın ölkəyə gəlmə xx.xx.2019cu), 2)xx.xx.2019-cu il tarixli avans 157229,75 ABŞ dolları ödəniş üçün **********1349 nömrəli (malın ölkəyə gəlmə xx.xx.2019), xx.xx.2019-cu il tarixli avans 65190,31 ABŞ dolları ödəniş üçün **********2156 nömrəli (malın ölkəyə gəlmə xx.xx.2019), xx.xx.2019-cu il tarixli avans 233148,46 ABŞ dolları ödəniş üçün **********5833 nömrəli (malın ölkəyə gəlmə xx.xx.2019) YGB-lər üzrə bağlanmamasının səbəbi malların ölkəyə daxil olma tarixlərinin avans köçürmılərdən daha əvvəl rəsmiəşdirilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, həmin köçürmələr 2019-cu ilə aid olduğundan hazırki iş üzrə sübut kimi qəbul oluna bilməz. Halbuki, Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2018-ci il tarixli, 4/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 02 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki,ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi –13318 ( on üç min üç yüz on səkkiz) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar