Məhkəmə qərarları › İş №3(012)-829/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-829/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-829/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X3 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP3650862 saylı inzibati tənbeh vermə haqqında qərardan onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP3650862 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X3 ərizəsini onunla əsaslandırdı ki, o, məcburi köçkün kimi müvəqqəti olaraq Abşeron rayonu Mehdiabad Gənclər şəhərciyində qalır, xx.xx.2020-ci il tarixdə həkimə getmək üçün müraciət etmiş, 3 saat ərzində dərmanları tapa bilmədiyi üçün aptekə sifariş verməli olmuş, aptekdən sifariş etdiyi məhsulları axşam gəlib götürməyi demişlər. Axşam saat 20:30 radələrində dərmanları götürmək üçün məcburi olaraq evdən çıxmış, maşınsız olaraq aptekə getmiş, evin yanında yəni Binəqədi-Balaxanı yolunda qurulmuş posta yaxınlaşaraq həkimə getdiyini, 3 saat vaxt keçməsinə baxmayaraq dərmaları tapa bilmədiyi üçün sifariş verdiyini, buna görə də sifarişləri gedib götürməli olduğunu bildirmiş, postda ondan şəxsiyyət vəsiqəsini istəmişlər, vəsiqənin şəklin çəkmişlər və ona narahat olmamağı, cərimə yazmayacaqlarını demişlər. xx.xx.2020-ci il tarixdə onun şəxsi nömrəsinə və elektron poçt ünvanına asanpay şəxsi kabinetinə Azərbaycan Respublikası İXM 211.1 maddəsinə əsasən 100 manat cərimə olunması ilə bağlı bildiriş daxil olmuşdur. Polis inspektoru yalandan onu aldadararaq yerində inzibati protokol tərtib etmədən şəxsiyyət vəsiqənin şəklini telefonla çəkərək əsasız olaraq ona cərimə yazmışdır. xx.xx.2020-ci il tarixdə protokoldan şikayət vermiş, xx.xx.2020-ci tarixdə Bakı şəhəri Baş polis İdarəsi Dövlət Yol polis idarəsinin 046 N° 41666P-4220 saylı məktubundan Binəqədi RPİ DYPŞ-nın YPX inspektoru polis leytenatı Pərviz Allaverdiyev tərəfindən inzibati protokol tərtib edərək cərimə yazılmış, Bakı şəhər yol polis idarəsinin məktubunda o, hərəkətdə olanda zaman saxlanıldığı qeyd olunmuş, ancaq o, piyada hərəkət edərək posta yaxınlaşmış, məktubda onun şikayətinin araşdırılması üçün X10 idarəsinə göndərildiyi qeyd olunmuş, bundan sonra o, X10 idarəsi ilə əlaqə saxlamış, işinin X10 idarəsinin əməkdaşı Tural Mehdinin icraatında olduğu bildirilmiş, idarə ilə əlaqə saxlamış, ona cərimənin silinmədiyi bildirilmış, polis əməkdaşlarının belə hallardan sui-istifadə etməsi məntiqli olmadan qanunsuz protokollar tərtib etməsi ictimaiyyətdə polis orqanlarına qarşı aqressiyanin yaranmasına səbəb olur. Onun barəsində İXP3239271 nömrəli protokol əsasında qərara alınmış Binəqədi Rayon DYPŞ-nin polis X1 tərfindən yazılmış inzibati tənbeh vermə haqqında protokolu qanunsuz və əsassizdir və buna görə də ləğv olunmalıdır. YPX əməkdaşlarının əsassız olaraq tərtib etdikləri bu kimi qərarlar Dövlət siyasətinə tam olaraq ziddir belə ki, dövlətimizin pandemiyanin qarşısının alınmasına dair gördükləri tədbirlərini kölgə altına alır. Bu halların hamısını polis ınspektoruna bildirsəm də onun xəbəri olmadan protokol tərtib edilmış, bu da bir vətəndaş olaraq onun hüquqlarını pozmuşlar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 53.0.1., 114.1.4, 114.2.1 .-ci maddələrinə əsasən, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP3650862 saylı inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Binəqədi RPİ-nin nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Binəqədi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Binəqədi Rayon DYPŞ-nin polis leytenantı Pərviz Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X3Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. iş materiallarına əlavə olunan sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X3 respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar X6 X7 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə saat 12:34 radələrində müraciət etmiş, ona 3 saat müddətinə yaşayış yerini tərk etmək barədə sms gəlmiş, onun barəsində xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol 21:01 radələrində tərtib olunmuşdur. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X2 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X3 respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar X6 X7 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə saat 12:34 radələrində həkimə getmək üçün müraciət etmiş, ona 3 saat müddətinə yaşayış yerini tərk etmək barədə sms gəlmiş, 3 saat ərzində dərmanları tapa bilmədiyi üçün aptekə sifariş verməli olmuş, aptekdən sifariş etdiyi məhsulları axşam gəlib götürməyi dedikdə axşam saat 20:30 radələrində dərmanları götürmək üçün evdən çıxmış, maşınsız olaraq aptekə getmiş, evinin yanında yəni Binəqədi-Balaxanı yolunda qurulmuş posta yaxınlaşaraq həkimə getdiyini, üç saat vaxt keçməsinə baxmayaraq dərmaları tapa bilmədiyi üçün sifariş verdiyini, buna görə də sifarişləri gedib götürməli olduğunu bildirdikdə onun barəsində xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol 21:01 radələrində tərtib olunmuşdur. Məhkəmə belə hesab edir ki, X3 barəsində Binəqədi Rayon DYPŞ-nin polis leytenantı Pərviz Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar əsassız olduğu üçün ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Binəqədi Rayon DYPŞ-nin polis leytenantı Pərviz Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar