Məhkəmə qərarları › İş №3(012)-830/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-830/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-830/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin müfəttişi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxxxxx 1958-ci il tarixdə Ucar rayonu, Alpaut kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan Şəxs oğlunun barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 may 2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş İXP ******* saylı, 26.05.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 26.03.2021-ci il tarixdə Şəxs Əbdüləhəd oğlu baş etibarnamə əsasında ona məxsus olan, lakin sürücülük hüququ olmadan idarə etdiyi Vaz-2106 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mehdiabad qəsəbəsi Sahil küçəsində olan köməkçi yoldan 28 May küçəsindəki əsas yola çıxan zaman sağ tərəfdən gələn nəqliyyat vasitəsinə yol verməməklə Şəxs idarə etdiyi avtomobil də daxil olmaqla 3 nəqliyyat vasitəsinin zədələnməsinə, Şəxs özü və avtomobilində sərnişin olan X1 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, "Vaz 2106" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnaməsi olsa da nəqliyyat vasitəsi idarə etmək hüququ yoxdur. Buna baxmayaraq avtomobili bəzən idarə edir. 26.03.2021-ci il tarixdə sözügedən avtomaşınla Mehdiabad qəsəbəsi Sahil küçəsindəki 2-ci dərəcəli yoldan 28 May küçəsində olan əsas yola çıxan zaman Binəqədi istiqamətindən gələn avtomobil saxlayaraq ona yol vermiş, Şəxs isə sola doğru hərəkətə başlamışdır. Həmin vaxt Şəxs idarə etdiyi avtomobil Mehdiabad qəsəbəsi istiqamətindən gələn Kamaz markalı yük maşını ilə toqquşmuşdur. Zərbənin təsirindən sonuncunun maşını ona yol vermək üçün dayanmış 2 ədəd "Chevrolet" markalı avtomobillərə çırpılmışdır. Nəticədə özü və avtomobilində sərnişin olan Dürdanə Rəhimova xəsarət almışlar. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin müfəttişi, polis mayoru X3 26 may 2021-ci il tarixli protokolda göstərilənlərə əsaslanaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 15.04.2021-ci il tarixli, 733 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın alın-təpə nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası bərk-küt əşya təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 16.04.2021-ci il tarixli, 744 saylı rəyindən görünür ki, Şəxs Əbdüləhəd oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ qaş nahiyəsinin və sağ göz orbitasının iç səthinin əzilmişcırılmış yaraları bərk-küt əşya təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsinin 2-ci bəndində göstərilir ki, vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar