Məhkəmə qərarları › İş №3(012)-833/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-833/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-833/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 3(012)-833/2022 QƏRAR (İnzibati xəta haqqında iş üzrə) xx.xx.2022-ci il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsi Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 3499999.20 (üç milyon dörd yüz doqquz min doqquz yüz doxsan doqquz) Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin Bankda olan hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. --Şəxs MMC tərəfindən sifariş olunan mallar Ukrayna-Rusiya müharibəsindən yaranan problemlərlə əlaqədar göndərilməmiş, uzun danışıqlardan sonra kğçürülən pul Şəxs MMC-nin hesabına 15 (on beş) gün gec geri qaytarılmışdır. Buna səbəb Ukrayna- Rusiya müharibəsinin başlanması nəticəsində Rusiya banklarında baş verən durğunlunluqla bağlıdır. Bunu təsdiq edən "xxxx" ASC tərəfindən verimiş ödəniş sənədi də mövcuddur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin hesabından xx.xx.2017-ci il tarixli, 11DD nömrəli müqavilə əsasında xx.xx.2020 saylı və xx.xx.2020-ci il tarixli hesab-fakturalara əsasən 3499999.20 (üç milyon dörd yüz doqquz min doqquz yüz doxsan doqquz Rusiya rublu 20 qəpik) Rusiya rublu məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli, KB-119-2-2022-29 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malalrın ölkəyə idxalını təsdiq edən sənədlər təqdim edilmiş müəssisələrin siyahısında Şəxs MMC-nin də adı qeyd edilmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs MMC tərəfindən 3499999.20 (üç milyon dörd yüz doqquz min doqquz yüz doxsan doqquz Rusiya rublu 20 qəpik) Rusiya rublu vəsaitin ödənişi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, 3499999.20 (üç milyon dörd yüz doqquz min doqquz yüz doxsan doqquz) Rusiya rublu Şəxs MMC-nin "xxxx" ASC-də yerləşən hesabına qaytarılmışdır. İşə əlavə olunmuş ödəniş sənədlərinə və digər sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə iş materiallarınnı araşdırıb belə nəticəyə gəlir ki, Şəxs MMC 3499999.20 (üç milyon dörd yüz doqquz min doqquz yüz doxsan doqquz) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti "xxxx" ASC-də olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş ödəniş sənədinə əsasən Şəxs MMC-nin "xxxx" ASC-də yerləşən hesabına 15 gün gec geri qaytarılmışdır. Bu da xx.xx.2022-ci il tarixdə davam edən Ukrayna-Rusiya müharibəsinin başlanması nəticəsində Rusiya banklarında baş verən durğunlunluqla bağlıdır. Şəxs MMC-nin nümayəndəsi ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədi Məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, , Şəxs MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: , Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar