Məhkəmə qərarları › İş №3(012)-836/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-836/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-836/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron DYPŞ-nin polis baş serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.4-cü və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs “KHAZAR SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, Nizami küçəsində qarşısında sola manevr edən “Hyundai” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən ötməli olduğu halda soldan ötərək əks nəqliyyatın zolağında onunla toqquşmuş və yolun kənarında olan “Mercedes” minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında Abşeron DYPŞ-nin polis baş serjantı X5 izahatında göstərmişdir ki, Şəxs “KHAZAR SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, Nizami küçəsində qarşısında sola manevr edən “Hyundai” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən ötməli olduğu halda soldan ötərək əks nəqliyyatın zolağında onunla toqquşmuş və yolun kənarında olan “Mercedes” minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə məhdudlaşdırılmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1-ci, 332.4-cü və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Xırdalan şəhəri, Nizami küçəsində qarşısında sola manevr edən “Hyundai” markalı avtomobilin dönəcəyini bilməmişdir və “Hyundai” markalı avtomobil dönmə nişanını əvvəlcədən yox sola dönəndə yandırmışdır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X4 izahatında göstərmişdir ki, Şəxs törətdiyi hadisəni etiraf edir, dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək, məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.2-ci, 332.1-ci və 332.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.4-cü və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 05 saat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.4-cü və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Biləsuvar rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 05 saat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar