Məhkəmə qərarları › İş №3(012)-844/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-844/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-844/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyfulla qızının və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M ünvanda qeydiyyatda olan və ünvan 2anda yaşayan Şəxs Seyfulla qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Seyfulla qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Seyfulla qızı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə, günün müxtəlif vaxtlarında yaşadıqları ünvan 2anında, aralarında yaranmış mübahisə zamanı gəlni Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyəsindən əli ilə vuraraq, ona fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs Seyfulla qızı barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs Seyfulla qızı tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-in sahə rəisi, X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 2anında yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə, aralarında yaranmış mübahisə zamanı əri və qaynanası Şəxs Seyfulla qızı tərəfindən döyüldüyünü bildirmişdir. Şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs Seyfulla qızı tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs Seyfulla qızının əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Şəxs Seyfulla qızı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Seyfulla qızı ona istinad edilən əməlləri törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə oğlu X5 ailə qurmuş və birlikdə yaşayırlar. Onların arasında tez-tez mübahisələr olur. Aysel nevroz xəstəliyindən əziyyət çəkir. Belə ki, evdə səbəbsiz yerə mübahisələr və dava – dalaş salır. Hətta vəziyyət o yerdədir ki, oğlu artıq Ayseldən boşanmaq qərarına gəlmişdir. Ayseli döyməmiş, nədə onu vurmamışdır. Əksinə Aysel onu döyərək, ona xəsarət yetirmişdir. Barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X6 ilə xx.xx.2023cü il tarixdə nigaha girmiş, bu ailəlikdən 2 övladı olmuşdur. Ailə qurduqdan sonra bir müddət yaxşı yaşasalar da, daha sonra mütəmadi olaraq qaynanası Şəxs və Həmidov Etibar həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmışdır. Belə ki, Etibar və Solmaz hər dəfə bir bəhanə ilə onu və uşaqlarını döyürlər. xx.xx.2023-cü il tarixdə qaynanası Şəxs yaşadığı evdə növbəti dəfə evdə dava salaraq ondan uşaqları ilə birgə evi tərk etməsini tələb etmiş, sonra o, pilləkəndə dayanıb nəfəs aldığı zaman onu itələyib yıxmağa çalışmışdır. Pilləkən tutacağından yapışmış, sonra idman gödəkçəsinin (kapişonka) papağından arxa tərəfdən dartaraq sürümüş, Solmaz onu papağından tutmaqla sürüdüyü zaman o, boğulmağa başlamış, Solmazın əlindən çıxıb qaçaraq Abşeron RPİ-nə gəlib şikayət etmişdir. Daha sonra bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati tərkib olmadığını nəzərə alaraq, başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs Seyfulla qızının barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində sağlamlığa zərər vurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 665 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyun nahiyəsinin qançırı fonundakı sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 691 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən - boyun nahiyəsinin qançırı fonundakı sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-8 gün əvvəl olmaqla, müayinə olunan şəxsin qeyd etdiyi müddətə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Hər iki bazunun və sol baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 1-3 gün əvvələ qədər olan müddətə uyğun olmaqla, müayinə olunan şəxSin qeyd etdiyi müddətlərə, yəni 08 və 09 aprel 2023-cü il tarixlərə uyğun gəlirlər. Qeyd olunan xəsarətlər müayinə olunan şəxsin göstərdiyi şəraitə, yəni kənar şəxs (lər)-in bədən hissəsinin təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb belə nəticəyə gəlir ki,inzibati xəta tərkibi olmadığından Şəxs Seyfulla qızının barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyfulla qızının hərəkətlərinə hüquqi qiymət verərkən ilk olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta ilə bağlı məsələyə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət yaradır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs Seyfulla qızı tərəfindən Zərərçəkmiş şəxs döyməsi və ya ona zorakı hərəkətlərlə fiziki ağrı yetirməsi öz təsdiqini tapmır. Belə ki, mübahisə tərəfləri arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə, günün müxtəlif vaxtlarında ünvan 2anında mübahisə yaranmış və mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs əynində olan idman gödəkçəsinin (kapişonka) papağından arxa tərəfdən dartmışdır. Şəxs məhkəmə iclasında izahatında Zərərçəkmiş şəxs vurmadığını, ona qarşı heç bir zorakı hərəkət etmədiyini bildirmişdir. Bu faktı zərərçəkmiş şəxs özü də məhkəmə iclasında izahatında təsdiqləmişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətin xarakteri onun məhz digər şəxs tərəfindən fiziki ağrı yetirilməsi nəticəsində yaranmasını birbaşa təsdiq etmir. Məhkəmə hesab edir ki, qeyd edilənlər zərərçəkmiş şəxsə həmin xəsarətin yetirilməsi şəraitini şübhə altına almağa əsas verir. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun sübutedici əhəmiyyətinin olmamasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. İnzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xəta haqqında protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Məhkəmə, işin baxışı zamanı təqdim edilmiş inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası İXM-nin tələblərinə müvafiq surətdə qiymətləndirərək qeyd edir ki, həmin inzibati xəta haqqında protokolda Şəxs Seyfulla qızı tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilsə də, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla qeyd olunan inzibati xətanın baş verməsi təkzib olunmuşdur ki, bu da müvafiq protokolun işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirmədiyinə dəlalət edir. Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ”Cinayət işinin rədd edilməsi haqqında” qərarda həmin inzibati xətanı Şəxs Seyfulla qızı tərəfindən törədilməsini təsdiq edən sübuta rast gəlinmir. Məhkəmə inzibati xəta haqqında iş üzrə məsələyə mahiyyəti üzrə yanaşaraq qeyd edir ki, inzibati araşdırma barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə yanaşı xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə müəyyən edilir. Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər alması ekspertiza rəyi ilə təsdiq olunsa da, məhz həmin xəsarəti Şəxs Seyfulla qızı tərəfindən yetirməsi nəticəsinin nəyə istinad edilməklə yaranmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Şəxs Seyfulla qızı məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və ”Cinayət işinin rədd edilməsi haqqında” qərarına istinad etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən zərərçəkmiş şəxs ilə yanaşı hadisənin şahidi olmuş şəxslərin bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni zərərçəkmiş şəxsin izahatı ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Hazırkı halda yalnız zərərçəkmiş şəxsin izahatı mötəbər sübut kimi qəbul edilə və şəxsin əlehinə qiymətləndirilə bilməz. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Seyfulla qızı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar