Məhkəmə qərarları › İş №3(012)-846/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-846/2021

29.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-846/2021 29.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi X1 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunda qeydiyyatda olan və Binəqədi rayonunda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddə ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron Rayon Polis İdarəsinin sahə rəisi X4 bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş raporta əsasən xidmət aparılan zaman 28.05.2021-ci il tarixdə Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan X2 evinə hal-hazırda boşanmaqda olan qızının, yəni X3 yoldaşı Şəxs mütəmadi olaraq gündüz və gecə saatlarında gələrək səs-küy salaraq Güldadaş Dadaşovun ailə üzvlərini və qonşularını narahat etmişdir. Belə ki, həmin şəxs Abşeron RPİ-nə gətirilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, həyat yoldaşı ondan ayrılmaq istəyir. Ondan ayrılmaq istəmədiyi üçün belə hərəkətlər etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Belə hərəkətlərə bir daha yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 verdiyi izahatında göstərmişdir ki, yoldaşı Şəxs ayrılmaq istədiyi üçün hal-hazırda atası X2 evində yaşayır. Həyat yoldaşı Şəxs ayrılmaq istədiyi üçün sonuncu onun yaşadığı evə gəlib səs-küy salaraq ailə üzvlərini və qonşuları narahat edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında göstərmişdir ki, qızı X7 onun evində yaşayır. Alışov X8 Alışovadan ayrılmaq istəmədiyi üçün mütəmadi olaraq gündüz və gecə saatlarında yaşadıqları evə gəlib səs-küy salaraq ailə üzvlərini və qonşuları narahat edir. Məhkəmə icalsında şahid qismində dindirilmiş X6 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidləri və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən kimi qiymətləndirir. İş üzrə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AZA 013988 saylı protokoldan görünür ki, Şəxs 28.05.2021ci il tarixdə, saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada 28.05.2021-ci il tarixdə 22:00 radələrində tutulmuş Şəxs dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Saatlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar