Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-849/2025 08.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən Ekoloji Nəzarət X4 Xidmətinin inspektoru, polis serjantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxxx 2002-ci il tarixdə Dağıstan Respublikası, Dərbənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2, 332.4, 339.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2, 332.4, 339.1 və 511.1.3-cü maddələrində Xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Ekoloji Nəzarət X4 Xidmətinin inspektoru, polis serjantı Samir Mustafazadə məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə yol hərəkət qaydalarını pozaraq bir sıra inzibati xətalara yol vermişdir. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə avoxuliqanlıq hərəkətləri edərək, həm özü, həm də ətrafda olan digər şəxslər üçün təhlükə vəziyyəti yaratmış və polis əməkdaşları tərəfindən ona verilən “saxla” əmrinə tabe olmayaraq, hərəkətlərini davam etdirmiş, nəticədə başqa şəxsə məxsus nəqliyyat vasitəsini maddi ziyan vurmuşdur. Həmçinin araşırma zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək bildirmişdir ki, 08 aprel 2025-ci il tarixdə barəsində tərtib olunmuş protokol üzrə qeyd edilən inzibati xətalara yol versə də, lakin onun avtoxuliqanlıq etmək, özü və başqa şəxslər üçün təhlükə yaratmaq kimi niyyəti olmamışdır. O, sürücülük vəsiqəsi olmadığı üçün inzibati məsuliyyətə cəlb ediləcəyindən qorxduğundan barəsində protokol tərtib olunacaq hərəkətlərə yol vermişdir. O, hazırda törətdiyi inzibati əməldən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 08 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 08 aprel 2025-ci il tarixdə idarə etdiyi “Zontes sport” markalı, nömrəsiz nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2, 332.4, 339.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;
2. Hadisənin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs 08 aprel 2025-ci il tarixdə idarə etdiyi “zontes sport” markalı, nömrəsiz nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2, 332.4, 339.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara yol vermişdir.
Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülər və digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edən şəxs kimi zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan hərəkətlərə yol verməklə səlahiyyətli orqan tərəfindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təqdim olunmuş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələrinin tərkib əlamətləri mövcuddur. Belə ki, həmin videogörüntülərdə Şəxs sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə dəfələrlə manevr qaydalarını pozması, özü və ətrafda olan şəxslər üçün təhlükə vəziyyəti yaratması, polis əməkdaşının saxla tələbinə məhəl qoymadan hərəkətlərini davam etdirməklə zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan hərəkətlərə yol verməsi aşkar olaraq öz əksini tapmışdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2 və 339.1-ci maddələrində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən Ekoloji Nəzarət X4 Xidmətinə göndərilməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur; 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı övladının olmasını cəzaasının yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli, daha ciddi xəta kimi həmin Məcəllənin 511.1.3 maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, həbs növündə tənbeh tədbiri tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2 və 339.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş orqan tərəfindən hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə geri qaytarılmalıdır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs haqqında qərar dərhal icra edilsin və inzibati qaydada həbs etmənin əvvəli «08» aprel 2025-ci il tarixdən, saat 17.10-dan hesablansın. Qərarın “inzibati həbs növündə tənbeh tədbirinə” dair icrası “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə”, “nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə” dair icrası isə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə” həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.1, 332.2 və 339.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov