Məhkəmə qərarları › İş №3(012)-857/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-857/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-857/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və Xırdalan şəhəri, H.Əliyev prospektində yaşayan, Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan polis əməkdaşları tərəfindən “Kia” markalı, 77KX439 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevretmə qaydasını pozduğu üçün saxlanılmışdır. Sürücüyə qayda pozuntusu barədə məlumat verilmiş, lakin sürücü bununla razılaşmayaraq mobil telefon vasitəsi ilə polis əməkdaşlarının xidmətini çəkməyə başlamış və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də ÇPA-nın əməkdaşları dəvət olunmuş, sürücü onların köməkliyi ilə Abşeron RPİ-yə gətirilmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində onun “Kia” markalı, 77KX439 dövlət qeydiyyat nişanlı avtomobil ilə dostu Musa Xəlilovla hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, avtomobili saxlayan kimi polis əməkdaşları özünü təqdim etmədən ona avtomobilin qapısını açaraq qolundan tutub zor tətbiq etmişlər. Daha sonra polis əməkdaşları ona sərxoş olubolmamasını yoxlamalı olduqlarını bildirmişlər. O, avtomobilindən düşməyərək öz şəxsi mobil telefonu ilə çəkiliş aparmışdır.Daha sonra o, Bravo marketin yanında saxlanılmışdır. Polis əməkdaşları ÇPA əməkdaşlarını dəvət etdilər. Buna görə də o, 102 zəng xidmətinə problemi bildirmişdir. Daha sonra polis əməkdaşları onu Abşeron RPİ-yə gətirmişlər. Etdiyi əməl üzrə özünü təqsirli bilmir və polisə müqavimət göstərməmişdir. Buna görə də əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin daimi yaşayış yerinin olduğunu, vergi ödəyicisi olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını və etdiyi əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron DYPŞ-nin polis nəfəri X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən 19:30 radələrində Xırdalan şəhərində difər polis əməkdaşı X6 ilə xidmət etdiyi zaman “Kia” markalı, 77KX439 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr qaydasını pozduğu üçün onun tərəfindən saxlanılmışdır. O, Şəxs yaxınlaşıb qayda pozuntusu etdiyini bildirmiş, lakin o, qayda pozuntusu ilə razılaşmayaraq mobil telefonu ilə onların xidmətini çəkməyə başlamışdır. O və polis əməkdaşı onun təkrar nizam intizama dəvət etmələrinə baxmayaraq Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron DYPŞ-nin polis nəfəri X1 Tural Yusif oğlu izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini davam edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Şəxs etdiyi əməl üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar