Məhkəmə qərarları › İş №3(012)-865/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-865/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-865/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin İTŞ-nin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X2, şahid Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, ev 61-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:30-da Abşeron rayonu, Masazır qəsəbəsində Zərərçəkmiş şəxs3 aldadaraq 80 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsində yerləşən Araz marketin qarşısında Zərərçəkmiş şəxs1 Gülbala oğlunu aldadaraq 10 manat pulunu talamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Masazır kəndində X4 aldadaraq 30 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, C. Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs2 4 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Nümayəndə izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən dələduzluq əməllərini etmişdir. Şəhər və rayon ərazisində marketlərə daxil olaraq oradan spirtli içkilər oğurlayır. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək etdiyi spirtli içkilərdən istifadə etdiyinə görə əməldən peşmandlr, onun barəsində tərtib olunmuş protokollarla razı deyil, onun barəsində tənbeh tətbiq olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 izahatında göstərmişdir ki, iş üzrə icraat aparılan şəxs Şəxs onun atasıdır. O spirtli içkilər qəbul edir, kafedə yeyib sonra isə hesabı ödəmir, taksi xidmətindən istifadə etdikdən sonra xidmət haqqın ödəmir və bu səbəblərdən həmin şəxslər yaşadıqları ünvana gəlib pulların tələb edirlər. Bundan başqa spirtli içki qəbul etdikdən sonda yaşadığı ünvana gəlib onu, bacısını və anasını döyür. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Əlibaba oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 (iki) ay müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 05 iyun 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar