Məhkəmə qərarları › İş №3(012)-866/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-866/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-866/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinə giriş-çıxışın; bu torpaq sahəsində tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılması cavabdeh X3 və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra sənədini icra etmək mümkün olmamışdır. Onun barəsində inzibati protokol tərtib edilmişdir. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, onun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, tələbkar şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, O, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icra sənədində qeyd olunan torpaq sahəsinə giriş-çıxışın bağlanması həmin ərazidə yerləşən zavodun girişinin bağlanmasına səbəb olur. İcra sənədin ona aidiyyatı yoxdur və tərəfindən hər hansı maneçilik göstərilməmişdir. Bu barədə çəkiliş də mövcuddur. MMC-nin nümayəndəsi olaraq icra məmuru və tələbkar tərəfə MMC-nin ərazisi göstərilmiş və MMC-nin iş fəaliyyəti izah olunmuşdur. Bunu çəkiliş diskində də görmək olar. İcra məmuru düzgün olmayaraq onun barəsində protokol tərtib etmişdir. İcra sənədinin aid olduğu mübahisə ər-arvad arasında əmlak bölgüsü ilə bağlıdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinə giriş-çıxışın; bu torpaq sahəsində tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılması cavabdeh X3 və digər şəxslərə qadağan edilmiş, müvəqqəti təminat tədbiri barədə qərardadın qüvvədən düşəcəyi tarix 12 aprel 2025-ci il müəyyən edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisini və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsində qeyd olunan torpaq sahəsi "xxxx" MMC-nin ərazisində yerləşir. İnzibati xəta haqqında protokol MMC-də hüquqşünas vəzifəsində işləyən Şəxs barəsində tərtib olunmuşdur. Halbuki, onun icra sənədinin icrasına maneçilik törətməsi işdə olan hər hansı bir sübutla təsdiq olunmur. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 16(009)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hazırkı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar