Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-881/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(011)-7454/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1634,01 (bir min altı yüz otuz dörd manat bir qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu "Koroğlu” MMC-nin xeyrinə ödənilməlidir. Şəxs icra vərəqəsinin icrasından yayınmış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Qərardan verilmiş şikayət əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(011)-7454/2017 saylı icra vərəqəsinin icrasından yayınmışdır. Borclu icra sənədi üzrə borcu 1634,01 (bir min altı yüz otuz dörd manat bir qəpik) manat təşkil edir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(011)-7454/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1634,01 (bir min altı yüz otuz dörd manat bir qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu "Koroğlu” MMC-nin xeyrinə ödənilməlidir. Bununla da borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində məcburi gətirilmə və axtarış elan olunmuşdur. Bundan başqa qeyd etdi ki, hazırda icra işi aidiyyat üzrə Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonda icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmayıb, ona qətnamənin sürəti təqdim olunmayıb, heç bir bildiriş yaşayış ünvanına göndərilməmişdir. Barəsində icraat başlanmasından xəbəri yoxdur. Qeydiyyat ünvanı üzrə yaşayır. Onun barəsində axtarışda olmasından xəbərsizdir. Həm də qeyd edir ki, aidiyyat qaydalarına riayət olunmayıb, icra işi aidiyyatı üzrə Xətai rayon İcra şöbəsinə göndərilmişdiir. Onun Abşeron rayonunda kirayə qaldığı ünvan olub, hazırda isə qeydiyyat ünvanı üzrə yaşayır. Tələbkara olan borcundan 454 manat ödəmişdir, qalan borcunu hissə-hissə ödəyəcəyinə söz verir və onun tənbeh edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 bildirdi ki, borclu Şəxs Bakı şəhəri İcra sənədini icra etməkdən qərəzli və üzrsüz səbəbdən boyun qaçırmamışdır. Həm də qeyd edir ki, aidiyyat qaydalarına riayət olunmayıb, icra işi aidiyyatı üzrə Xətai rayon İcra şöbəsinə göndərilmişdiir. Buna görə də, onun barəsində inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "Koroğlu” MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(011)- 7454/2017 saylı icra vərəqəsi Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra Şəxs barəsində axtarış verilmişdir. Daha sonra arayış verilərək bildirilmişdir ki, Şəxs qeyd olunan ünvanda yaşamır. Bundan sonra icra vərəqəsi icra olunması üçün həmin yaşayış yerindən verilən arayışa əsasən aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və ikinci dəfə onun barəsində axtarış elan olunmuşdur. Hazırda borclu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə etinasızlıq göstərir. Ona görə də borclu barəsində cidd inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş Xətai Rayon Məhkəməsinin 2(011)-7454/2027 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1634,01 (bir min altı yüz otuz dörd manat bir qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu "Koroğlu” MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında ola xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7454/2027 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra barədə borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Şəxs borclunun məcburi gətirilməsi barədə qərarın və təqdimatın surətlərindən görünür ki, ünvan 4 ünvanında yaşayan borclu Şəxs barəsində onun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs maddi imkanı ilə əlaqədar icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs borcundan 454 manat ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. “İcra Haqqında”Qanunun 43.1.2-ci maddəsində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-7454 saylı xx.xx.2017 saylı icra sənədinə əsasən 1634,01 manat borcundan qismən ödənilməsini nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxsnın törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı yəni borcundan 454 manat ödəniş etməsini nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X4 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-881/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-881/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver