Məhkəmə qərarları › İş №3(012)-884/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-884/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-884/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 24 fevral 2025-ci il tarixdə saat 17:55 radələrində şəxsi mülkiyyətində olan Opel Astra markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yolun sol zolağında hərəkətdə olduğu zaman yerdə qırıq-qırıq xətti görərək sağa dönmə işığından istifadə edərək sağ hərəkət zolağına keçərək işıqforun yaşıl işığında sağa hərəkət etdi. Bir qədər irəlidə YPX-nin avtomobili ona saxla əmri verdi və polis serjantı X4 ona protokol tərtib edəcəyini söyləyərək YPX avtomobilinə əyləşərək uzaqlaşdı. Bu YPX təlimatına tam qanunsuzluq və zidd əməldir. İnzibati xətanı törətdiyi yerdə patrul avtomobilinin qarşısında, müşahidə kamerasını ətrafında ona qanunlar izah olunmalı, inzibati protokol tərtib edilməli, hüqüq və vəzifələri ona izah olunmalı və onların danışıqları səs yazı vasitəsi ilə qeydə alınmalıdı. O həmin protokalla İXM-nin 110-cu maddəsi ilə onlarla razı olmadığını bildirməli və onun iştirakı ilə qərar çıxarılmalı olduğu halda YPX əməkdaşı heç bir qanuni əmələ riayət etməyərək özü qərar çıxarmışdır. O bu barədə xx.xx.2025 -ci il tarixdə Abşeron RPİ-nin DYP şöbəsinə yaxınlaşaraq videogörüntü ilə tanış olmaq üçün müraciət etdi. Yaxınlaşdığı 6-cı otaqda ona saat 16:00 da gəlməyini və videogörüntü ilə tanış olacağını bidirdilər. 16:00-da yenidən şöbəyə yaxınlaşdı, adını və rütbəsini təqdim etməyən mülkü formada 7ci otaqda əyləşən şəxs video görüntünü olmadığını bildirdi. Bununla bağlı 28 fevral 2025-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etdi. Araşdırma müddəti uzun vaxt çəkdiyi üçün 4 mart 2025 -ci il tarixdə yenidən Abşeron RPİ-nə ərizə ilə müraciət edərək İXM-nin 144-cü maddəsinə əsasən yazılmış protokolun üzərinə dəbbə pulu hesablanmamasını istəmişdir. Bunlara baxmayaraq barəsində çıxarılmış qərar 2 gün müddətində ona bildirilməli olduğu halda yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməmişdir. Abşeron RPİ-nin DYP şöbəsinin əməkdaşları və inspektorları tam qanunsuz əməllərə yol vermişdir. İXM-nin 61.1.9 -cu maddəsinə əsasən barəsində yazılmış inzibati prtokolu xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar edildiyi üçün dəfələrlə Abşeron RPİ-nə getsə də inzibatı xətanın törəldildiyi yer ona nə fotoşəkil, nə də video görüntü təqdim edilməmişdir. Şikayətini Abşeron RPİ-idərəsinə etsə də İXM-nin 57.1 və 57.5-ci maddələrindən istifə edə bilməyəcəyini bilərək ona cavab verilməmiş və video görüntü ilə tanış etməmişdilər k, o məhkəməyə müraciət etməsin. Buna səbəb 07 aprel 2025 tarixində yenidən Abşeron RPİ-nin dəftərxanasına yaxınlaşaraq müraciət etdiyi ərizələrlə bağlı məlumat almaq istədikdə bayram günlərin qeyri iş günləri olduğunu bildirərək ona ərizələrinin nüxsələrəni təqdim etdilər. Buna görədə də məhkəməyə edəcəyi şikayət müddəti uzanmışdır. Bunu nəzərə alaraq şikayətinin təmin edilməsni, barəsində yazılmış protokola və çıxarılmış qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X10 Polisi İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 protokolu müdafiə etmiş, inzibati xətanın törədilməsi ilə bağlı sübutu məhkəməyə təqdim edəcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə fasilə vermiş, lakin inzibati orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Abşeron Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixində saat 17:55 radələrində Xırdalan şəhəri, Qəzənfər Musabəyov 18 ərazisində idarə etdiyi “Opel Astra” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. X10 Polisi İdarəsinin nümayəndəsi inzibati xətanın törədilməsi ilə bağlı sübutu məhkməyə təqdim edəcəyini bildirsə də, məhkməyə Osmanov .ahin Bəhruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar