Məhkəmə qərarları › İş №3(012)-899/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-899/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-899/2022 23.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsini hakimi Həsənov Vaqif İskəndər oğlu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Qanunvericiliyə əsasən inzibati tənbeh vermə haqqında qərardan şikayət qərarın surəti şəxsə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilə bilər. Lakin hazırki iş üzrə şikayətçi öz şikayət ərizəsinə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı hansı tarixdə rəsmi olaraq alması barədə hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bu səbəbədən hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan şikayətçi tərəfindən verilmiş şikayətin inzibati qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi müəyyən edilmədiyindən şikayət ərizəsi geri qaytarılmalı və X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ X1 izah olunsun. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar