Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-9/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsi Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi X8 qızının iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, "xxxx" MMC-nin icraçı direktoru X1 iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: AZ 0100, Abşeron rayonu, Donuzkökəltmə Sovxozu ərazisi), barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan "xxxx" MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 03.11.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qərarının ləğv edilməsi və materialın yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 məhkəmədə çıxış etməklə protokolla eyni məzmunlu izahat vermiş və barəsində inzibati protokol tərtib olunan şəxsin barəsində inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin icraçı direktoru X3 məhkəmədə protokolla bağlı bildirmişdir ki, metal məmulatlarının (rulonlarda olan yastı prokat list) topdan satıcısı olaraq, məhsul istehsalçısı və emalçısı deyil. Eyni zamanda bu məhsulun mənşə və keyfiyyət sertifikatlarına sahibdir. Müəssisənin topdan ticarəti məcburi sertifikasiyaya məruz qalmır və Nizamnaməyə uyğun olaraq müəssisənin fəaliyyətinə uyğundur. "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibatı xətanı törətməsinə dair 26 İyul 2021 -ci il tarixli M ******* saylı inzibati xəta haqqında protokol tərtib edildikdən sonra "xxxx" MMC-nin direktoru öz etiraz və iradlarını yazılı şəkildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlayıb, lakin "xxxx" MMC-nin direktoru tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanan məktublar cavablandırılmayıb. Ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunsun. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib və toplanmış materialları nəzərdən keçirib hesab edirəm ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 26 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 26.07.2021-ci il tarixdə Abşeron rayonu, Donuz Kökəltmə sovxozu ərazisində yerləşən obyektdə satışda olan polimer örtüklü yastı prokat listlərin uyğunluq sertfikatının olmadığı aşkar olunmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində tələbləri pozulmuş, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8ci maddə); Sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır.Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Azərbaycan Respublikasında məhsulun (proseslərin, xidmətlərin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsaslarını, bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların, müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikatlaşdırma işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətlərini müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq olunmuş Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Baş Nazirinin 08 may 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimİ, hazırda bu sahəni tənzimləyən normativ akt mövcud deyildir. İş materiallarına əlavə edilmiş 26 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən isə Abşeron rayonu, Donuz Kökəltmə sovxozu ərazisində yerləşən obyektdə satışda olan polimer örtüklü yastı prokat listlərin uyğunluq sertifikatı olmadığına görə tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi “qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə” görə inzibati məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Lakin hal-hazırda şveller, künclük, isti və soyuq yayılmış dəmir üstlərin yüksək riskli malların, həmçinin məcburi sertifikatlaşdırmalı məhsulların dairəsinə aid olması ilə bağlı hər hansı normativ hüquqi akta rast gəlinmir. Göründüyü kimi, qanunverici uyğunluq sertifikatının olmamasını deyil, məhz məcburi sertifikatlaşdırılmanın həyata keçirilməməsini inzibati xəta kimi tanıyaraq ona görə inzibati tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuş və nəzərə alınsa ki, məcburi sertikatlaşdırılma özündə uyğunluq sertifikatının olmamasını ehtiva etmir və həmin anlayışlar eyni olmamaqla ayrı-ayrı mallara münasibətdə tam fərqli qaydaları nəzərdə tutur, belə olan halda "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş.şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, iş üzrə "xxxx" MMC-nin əməlində İXM-nin 447.0.4-cü maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunmur və hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də məhkəmənin icraatına daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-9/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-9/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver