Məhkəmə qərarları › İş №3(012)-902/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-902/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-902/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 40da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(004)-4606/2020 saylı qətnaməsinə əsasən 31.05.2016-cı il təvəllüdlü X5 və 19.06.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 170 manat məbləğin aliment olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment 07.12.2020-ci il tarixdən başlayaraq, Şəxs tutulub, X2 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(004)- 4606/2020 saylı icra vərəqəsi 05.04.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya Şöbəsinə daxil olmuş və dərhal icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası üçün qanunda nəzərdə tutulmuş tədbirlər görülmüş, Şəxs adına bankda pul və ya avtomobil olmadığı müəyyən edilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni tam icra etmək mümkün olmamışdır. Borclunun bugünədək tələbkara ümumilikdə 1540 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, icra Şöbəsinin çağrışlarına gəlmiş, tələbkara hər ay məhkəmə qətnaməsi ilə qət edilmiş 340 manat pulu ödəmişdir. Bir müddət işsiz olduğuna görə aliment borcu çoxalmışdır. Hazırda tələbkara aliment borcundan 800 manat məbləğində ödəniş etmişdir. Yaxın bir neçə ay ərzində qalan aliment borcunu ödəyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs iki uşağın saxlanılması üçün qət edilmiş hər uşağa görə 170 manat sabit aliment pulunu indiyədək tam ödəməmişdir. Hazırda borclu ona aliment borcundan 800 manat məbləğində pul ödəmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. İnzibati işdə olan, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanunda nəzərdə tutulmuş göstərişlərini borcu yerinə yetirmişdir. Borclu icra məmurunun cağırışına gəlmiş, borclu qətnamə icraya yönəldiyi vaxtdan başlayaraq aylıq aliment borcundan hissə-hissə ödəniş etmişdir. Borclu qətnamə icraya yönələn vaxtdan ötən müddət ərzində tələbkara hər ay aliment borcunu ödəmişdir. Borclu heç yerdə işləmir. Borclu işsiz olmasına baxmayaraq, aliment ödənişindən yayınmamışdır. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, borclu aliment borclarını ödəyir, həmçinin borclu tələbkarla aliment borcundan 800 manat məbləğində pul ödəmişdir. Borclunun hazırda 740 manat borcu qalmışdır. Borclu borcu ödəməkdən qərəzli yayınmamışdır. Borclu yaxın bir neçə ay ərzində qalan aliment borcunu ödəyəcəyini öz öhdəsinə götürür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş aliment borcunun cox hissəsini ödəməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Məhkəmə icra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən əməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu borcunu ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, aliment borcundan ödəniş etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar