Məhkəmə qərarları › İş №3(012)-911/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-911/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-911/2022 08.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 07 və 49-cu maddələrinin tələbini pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2 sahəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X12 inzibati xəta haqqında protokolu müdafiə edərək, vətəndaş X4 xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək hüquqlarının pozulması ilə əlaqədar müraciət etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi bağlanmadan Şəxs MMC-də sürücü işinə cəlb edilməsini göstərmişdir. Bununla bağlı araşdırma aparılmış, həmin şəxsin izahatı alınmış, X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs MMC-də sürücü vəzifəsində işləməsi, işlədiyi dövr ərzində onunla əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi müəyyən edilmişdir. Şəxs MMC-dən müvafiq sənədlər tələb olunub alınmışdır. Qeyd olunan hallara görə MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 07 və 49-cu maddələrində təsbit olunmuş qanun pozuntusu aşkarlanmışdır. Odur ki, aşkar olunmuş pozuntu halına görə tərəflərindən Şəxs MMC-in vəzifəli şəxsi (işəgötürəni) X10 barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat inzibati cərimə edilmişdir. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə göndərilməsi barədə qərar verilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolla razı olmayaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarı olduğu halda X11 Xidməti bu dəfə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Halbuki, Şəxs MMC-nin direktoru eyni fakt üzrə X11 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 manat məbləğində cərimə edilmişdir. Belə olan halda, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarı olduğu halda yenidən protokol tərtib edilməsi qanunsuzdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, X11 Xidmətinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixədək Şəxs MMC-də sürücü vəzifəsində işləməsi, işlədiyi dövr ərzində onunla əmək müqaviləsi bağlanılmadan işə cəlb olunduğunu bildirmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə həmin hüquqi şəxsin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-805/2022 saylı qərardadı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qatarılmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktına görə həmin hüquqi şəxsin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən eyni fakta və xətaya görə hüquqi şəxs Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki ədalət mühakiməsini realizə edən səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticə üzrə ziddiyyətli halların olmamasını və nəticədə sual doğuracaq halların aydınlaşdırılmasını təmin etməlidir. Məhkəmə ilk öncə vurğulayır ki, eyni fakta və xətaya görə vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunmasından sonra, həm də hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması ədalətli və əsaslı hesab oluna bilməz. Hazırkı halda məhkəmə yalnız icraatına daxil olmuş material üzrə X3 əmək hüququnun pozulması halına görə inzibati məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu faktına münasibət bildirir. Məhkəməyə müraciət edilməmiş hallar üzrə isə heç bir fakta hüquqi qiymət vermir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarına əsasən hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar