Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-918/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin polis sahə rəisi, polis kapitanı X6, zərərçəkmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Saatlı rayonu, Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Saatlı rayonu, Xanlarkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” ev 44, mənzil 8-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:45 radələrində Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində vətəndaş X3 ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs inzibati xəta haqqında protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron RPİ-nin polis sahə rəisi, polis kapitanı X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, PPX-in əməkdaşı tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə saat 06:00 – 07:00 radələrində dincəlmək üçün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində dostu X11 ilə birlikdə parkda gəzərkən sonradan adının Ülviyyə olduğunu bildiyi şəxs onlara etirazını bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X7 onlara qarşı nalayiq ifadələr işlətmişdir. Aralarındakı mübahisəyə görə DİN 102 Xidmətinə zəng vurub şikayət etmişdir.Daha sonra polis əməkdaşları gəlmiş, polis əməkdaşlarına X3 “Tik-tok” sosial şəbəkəsində açdığı canlı efirdə onlara qarşı nalayiq ifadələr işlətdiyini bildirsə də, polis əməkdaşları ona məhəl qoymamış və onları polis şöbəsinə aparmışlar. Polis X1 şikayəti qeydiyyata alınsa da, onun şikayətinə münasibət bildirilməmişdir. O həmin vaxt X4 qarşı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər 06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində yerləşən parkda gəzintidə olarkən “Tik-tok” sosial şəbəkəsində açdığı canlı efirdə olduğu zaman sonradan adının Şəxs olduğunu bildiyi şəxs və onun dostu əvvəlcə avtomobili ilə diqqət çəkməyə çalışmışlar. Daha sonra Şəxs dostu avtomobildən düşərək o gəzərkən onun arxasınca gəlmiş və onu narahat etmişdir. Onu narahat etdiyi üçün həmin şəxsə etirazını bildirmiş, lakin həmin şəxs onu narahat etməyə davam etmiş və aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Şəxs ona qarşı nalayiq ifadələr işlətməmiş, lakin əli ilə itələmişdir. Hadisə baş verən zaman yanlarında kənar şəxslər olmamışdır. Məhkəmə iclasında müdafiəçi vəkil Abbas-zadə Rəhim İsaq oğlu hüquqlarını müdafiə etdiyi şəxsin istinad edilən əməlləri törətmədiyini nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin polis sahə rəisi, polis kapitanı X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06:45 radələrində Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində vətəndaş X3 ünvanına ucadan nalayiq ifadələr işlətdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında X7 tərəfindən təqdim olunmuş “Tik-tok” sosial şəbəkəsində açdığı canlı efirin videolarından görünür ki, X2 Asim Hüseynağa oğluna qarşı nalayiq ifadələr işlətsə də, Şəxs X4 qarşı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dizposiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Beləliklə, qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələr uygun olmalıdır. Məhkəmə, hesab edir ki, bunun üçün, ilk növbədə, ictimai qayda və hüquq qaydaları anlayışlarına, onların əsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tərkibi və elementləri, ictimai qaydanın və hüquq qaydasının mühafizəsinin təmin edilməsində polis əməkdaşlarının vəzifələrinin həddləri, polis əməkdaşlarının tələblərinin qanuni əsasları kimi anlayışlara aydınlıq gətirmək zərurəti vardır. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibarı ilə əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda - qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgə yaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Hüquq qaydası - konkret hüquq normalarının praktiki realizə edilməsi nəticəsində yaranan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Bir tərəfdən onu hüquqi tənzimlənmənin məqsədi, yəni qanunvericinin müəyyən qaydaların bərqərar olmasına yönəlmiş fəaliyyəti kimi qəbul etmək olar. Bu halda o, realizə olunmuş qanunçuluq statusuna malik olur. Digər tərəfdən isə hüquq qaydasını hüquqi tənzimləmənin nəticəsi kimi qəbul etmək olar. Bu halda o, hüquqla ictimai münasibətlərin faktiki olaraq tənzimlənmiş vəziyyəti kimi çıxış edir. Dövlət hüquq qaydasının həm vacib elementi, həm zəruri şərti, həm də ki, qarantıdır. Beləliklə, hüquq qaydası hüququn və hakimiyyətinin vəhdəti, onların qarşılıqlı təsirinin nəticəsidir. Bu elə bir qaydadır ki, onda ictimai, siyasi və dövlət həyatının subyektlərinin hüquqi vəziyyəti və qarşılıqlı ünsiyyəti qəti olaraq qanunlarla müəyyən edilir və dövlət hakimiyyəti tərəfindən qorunur. İctimai qaydanın və hüquq qaydasının fərqli sosial-normativ əsasları və təmin olunması qaydaları vardır. Belə ki, ictimai qaydanın bərqərar olunması üçün bütün sosial normaların (mənəviyyat normalarının, adətlərin, dini normaların) vəhdəti tələb olunduğu halda, hüquq qaydası hüququn və qanunçuluğun vasitəsilə bərqərar olur. İctimai qayda bütün cəmiyyət tərəfindən təmin olunduğu halda, hüquq qaydası dövlətin məcburi gücü vasitəsilə təmin olunur. Hüquq pozuntusu - şəxsin dövlətə, cəmiyyətə və digər şəxslərə qarşı təqsirkar, qanunazidd fəaliyyəti ilə (fəaliyyətsizliyi ilə) zərər yetirmək kimi müəyyən edilir. Hüquq pozuntusu ictimai təhlükəliyi ilə səciyyələnir. İnzibati xəta hüquq pozuntu olaraq qanunda nəzərdə tutulan ictimai- təhlükəli əməldir. O, ümumi-məcburi normaların pozulması nəticəsində yaranır. İnzibati xətanın əlamətləri və xüsusiyyətləri xətanın tərkibini təşkil edən elementlərin təhlili əsasında müəyyən edilir. İnzibati hüquq pozuntusunun tərkibi - bu, hər bir hüquq pozuntusunu əks etdirən, onun ən ümumi, tipik və əhəmiyyətli əlamətlər sistemidir, yəni bütün hüquq pozuntularına şamil edilən, hüququ pozan şəxsi hüquqi məsuliyyətə cəlb etmək üçün səbəb olan, hüquq pozuntusunun əlamətlər sistemidir, harada ki, heç olmasa birinin yoxluğuna görə, şəxs məsuliyyətə cəlb oluna bilməz. Hər bir hüquq pozuntusunun mütləq elementləri aşağıdakılardır: - hüquq pozuntusunun obyekti; və hüquq pozuntusunun obyektiv tərəfi; - hüquq pozuntusunun subyekti; və hüquq pozuntusunun subyektiv tərəfi. İnzibati hüquq pozuntusunun obyekti - bu, qanun tərəfindən nizamlanan və qorunan pozulmuş ictimai münasibətlərdir; İnzibati hüquq pozuntusunun obyektiv tərəfi - bu, hüquq pozuntusuna səbəb olan fəaliyyətdir (qanuna zidd hərəkət və ya hərəkətsizlikdir); İnzibati hüquq pozuntusunun subyekti - bu, hüquq pozuntusunu törətmiş tərəfdir (qanunun müəyyən etdiyi yaş həddinə çatmış və əqli sağlam şəxs, və ya hüquqi şəxs); İnzibati hüquq pozuntusunun subyektiv tərəfi - bu, insanın törətdiyi hüquq pozuntusuna intellektual (zehni) münasibətidir. Göstərilən elementlər vahid konteksdə mövcud olmalı və onların birinin mövcud olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə, işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə iclasında X12 özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018- ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-918/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-918/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver