Məhkəmə qərarları › İş №3(012)-927/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-927/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-927/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X10 Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, əməldə inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Elnur Məmmədov şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi küçəsində ona məxsus idarə etdiyi “Hyundai Sonata” markalı, ** LP *** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən saxlanılaraq, əks yola keçməyi bildirmişdir. Bununla bağlı barəsində Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə protokol tərtib edilərək, iş üzrə qərar qəbul olunmuşdur. İlk öncə onu qeyd edir ki, onun avtomobilini saxlayaraq, əks yola keçməyini bildirsələr də, barəsində qəbul edilmiş qərara əsasən, guya xx.xx.2025-ci il tarixdə, saat 20:10-da “Hyundai Sonata minik” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətmiş, həmçinin ona məxsus olan sürücülük vəsiqəsi polis serjantı X5 tərəfindən alınmışdır. Lakin hadisə qeyd olunan kimi baş verməmiş, o, işıqforun yaşıl işığı yanarkən hərəkətini davam etmiş, avtomobili polis əməkdaşı tərəfindən saxlanılan zaman isə artıq onun 18 balı mövcud olmuşdur. Bundan başqa Abşeron DYP əməkdaşı tərəfindən saxlanılarkən ona hüquq və vəzifələri izah edilməmiş, eləcə də qeyd olunan protokolda müvafiq qeydlər aparılmamış, barəsində tərtib edilmiş protokolun surəti verilməyərək, imza edilməmiş, habelə müvafiq qeydlər verilməmişdir. Qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olmuş protokol heç bir araşdırılma aparılmadan tərtib edilmişdir. Belə ki, qeyd olunan ərazidə çoxsaylı “təhlükəsiz şəhər” kameraları mövcud olduğundan həmin görüntülərə baxış keçirilmədən işin obyektiv araşdırılması aparılmadan qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən hesab edir ki, şikayət təmin edilməli, X10 Polisinin polis kapitanı X3 xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanunsuz olduğundan ləğv edilməli, əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. X10 Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 23 mart 2025-ci il tarixdə, saat 20:10 radələrində Abşeron rayonu, Qalubiyyə küçəsində “Hyundai Sonata” markalı, ** LP *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması ilə nəticələnən xətalara yol verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və cərimə edilmişdir.

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin olunaraq, X10 Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə törədilmiş inzibati xəta üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə (İXM maddə 122) və səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməklə (İXM maddə 124) icraatın aparılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə Abşeron RPŞ–si tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları iş materialına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Qeyd edilən Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qanunvericiliyin qeyd edilən normaları həqiqətdə inzibati xəta törətməsi ilə günahlandırılan şəxsin yerində tanış olmasını, protokoldan narazı olduğu halda, protokolda qeydlərini aparmasını və nəticədə mübahisəli protokol olduğundan həmin protokola baxılarkən vətəndaşın protokol əsasında qərar qəbul edildiyi zaman onun iştirakı ilə törətməsi iddia edilən xətanın əlamətlərinin müzakirəsini nəzərdə tutmuşdur. Lakin, hazırki vəziyyətdə görünür ki, X2 törətdiyi xəta ilə bağlı sübutlar təqdim edilmədən yalnız qəbul edilmiş qərarın 23 mart 2025-ci il tarixli, İXP ******* nömrəli protokolun əsasında qəbul olunması ilə bağlı qeydlər aparılmış, tarixi və nömrəsi olan, lakin məzmunu, cərimə məbləği və nömrəsi məlum olmayan qərar vətəndaşla müzakirə edilmədən tərtib edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənməli olduğu halda, həmin tarixdən sonrakı gün xx.xx.2025-ci ildə qərar qəbul etməklə inzibati tənbeh tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin təqdim olunmuş inzibati xəta haqqında qərara avtomobiln əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etdiyinə dair sübut əlavə olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunarkən X1 iştirakı təmin edilməmiş, inzibati xəta hadisəsinin mövcudluğuna etirazı və xəta ilə razılaşmaması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində X10 Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan şikayət vermiş şəxsin törətdiyi xətanın mahiyyəti və bu xətaya dair təqsirliliyinin mövcudluluğu aşkar edilmədən, onun iş üzrə icraatın aparılmasında iştirakının təmin olunmasına imkan yaratmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq qəbul edilmiş 24 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. X10 Polis Şöbəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar