Məhkəmə qərarları › İş №3(012)-932/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-932/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-932/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 12 fevral 1988-ci il tarixdə Qubadlı rayonu, Xocahan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Xocahan kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qaçqınlar şəhərciyi ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, X1 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin sahə rəisi, X1 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyi BDYPİ Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılmış, lakin Şəxs açarları verməyərək polis əməkdaşlarının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olduğu təqdirdə o Abşeron RPİ-yə dəvət olunub barəsində inzibati tənbeh barədə protokol tərtib olunmuşdur. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki, o, avtobus sürücüsü işləyir və sərnişin daşıma işi ilə məşğuldur. Hadisə günü Saray postu ərazisində polis əməkdaşları onu saxlamış və avtomobildə olan sürücüləri boşaldaraq özünün posta yaxınlaşmasını tələb etmişlər. O isə sərnişinləri ünvana çatdırdıqdan sonra posta gələcəyini bildirmiş və polis əməkdaşlarının tələbinə tabe olmamışdır.Daha sonra polis əməkdaşları onu saxlamışdır. Törətdiyi əməldan səmimi peşman olduğunu və bir daha bu cür əməllərə yol verməyəcəyini bildirərək barəsində inzibati xata haqqında protokola xitam verilməsini xahiş etdi. Müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 məhkəmə iclasında əməldə inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında baxış keçirilmiş hadisənin görüntülərini əks etdirən video görüntüdən görünür ki, Şəxs polisin fəaliyyətinə mane olmuş, qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs 14 aprel 2025-ci il tarixdə 12:00 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar