Məhkəmə qərarları › İş №3(012)-935/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-935/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-935/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 15, mənzil 02-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs oğlu 13.06.2021-ci il tarixdə, saat 23 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayonu, Sulutəpə dairəsində ucadan ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X4 izahatında göstərmişdir ki, ƏÇPA-in polis əməkdaşı Vüsal Şahmarov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 13.06.2021-ci il tarixdə, saat 23 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayonu, Sulutəpə dairəsində, ucadan ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar araşdılırma aparılmış inzibati xəta törədən şəxsin izahatı alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 13.06.2021-ci il tarixdə, saat 23 radələrində, Abşeron rayonu, Sulutəpə dairəsində yolun kənarında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq, kənarda dayanan avtomobilin ona məxsus olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarına həmin avtomobil ona məxsus deyildir. Bundan sonra polis əməkdaşları ona patrul avtomobilinə əyləşdirib, onu polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, ƏÇPAin 12-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. 13.06.2021-ci il tarixdə iş yoldaşı ƏÇPA-in polis əməkdaşı Vüsal Şahmarovla xidmətdə olarkən Abşeron rayonu, Sulutəpə dairəsində bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Yaxınlaşıb həmin şəxsin sakitləşməsini bildirdikdə, həmin şəxs yenidən ucadan ünvansız nalayiq söyüşlər söyməyə davam etmişdir. Daha sonra həmin şəxsi Abşeron rayon Pİ-nə dəvət etmişlər. Pİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Pİ-də şəxsiyyəti müəyyən edildikdən sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün raportla Abşeron rayon Pİ-nin rəhbərliyinə müraciət edilmişdir. İşə əlavə edilmiş, 13.06.2021-ci il tarixli, 2/7849 saylı Sərxoşluq tibbi müayinə protokolundan görünür ki, Şəxs 13.06.2021-ci il tarixdə, müayinə olunarkən onda «Orta dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 13.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 13.06.2021-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması şahid izahatı, Sərxoşluq tibbi müayinə protokolu və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Abşeron rayonu, Sulutəpə dairəsində əsaslı səbəb olmadan polis əməkdaşları tərəfindən Pİ-nə gətirilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə hesab edir ki, onun izahatı özünü müdafiə xarakteri daşıyır və belə izahat verməklə o, inzibati məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halı, şəxsiyyətini olmasını nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 13.06.2021-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar