Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-936/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X4, X3, X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə haqqında material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin “Qaynar Xətti” xidmətinə Abşeron rayonu, Xırdalan şəhəri Emin Sabitoğlu küçəsində yaşayan Emil Dəmirov tərəfindən Xırdalan şəhərində yerləşən “ƏR-Riyad” ticarət mərkəzinin arxasında fəaliyyət göstərən sexlərdən ətrafa iy və qoxunun yayılması barədə müraciət daxil olmuşdur. Araşdırma zamanı Xırdalan şəhərində yerləşən “ƏR-Riyad” ticarət mərkəzinin arxasında fəaliyyət göstərən sexlərdən ətrafa iy və qoxunun yayılması faktı müəyyən olunmuşdur. “ƏR-Riyad” ticarət mərkəzinin ətrafında monitorinq ölçmə işləri aparılmış, ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Buna görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “ƏR-Riyad” ticarət mərkəzinin arxasında fəaliyyət göstərən sexlərdən atmosferə atılan dəm qazı norma həddindən artıq olduğu üçün barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və xx.xx.2025-ci il tarixli 89662 nömrəli akt tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında material olan Şəxs MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, protokolda qeyd olunanlar əsassızdır, protokol onların iştirakı olmadan tərtib edilmişdir. Qeyd olunan ərazi açıq ərazidir, oradan daim əhali keçir, ora nəzarət etmək fiziki cəhətdən mümkün deyil, həmin ərazidə onlarla mebel sexləri fəaliyyət göstərir. Riad ticarət mərkəzi isə qapalı ərazi olmaqla həftədə 3-4 dəfə zibillər aidiyyəti qurumlar tərəfindən yığışdırılır. Sexlərin qarşısındakı ərazidə yığılan zibillərə görə isə onlar cavabdehlik daşımır. Belə ki, həmin ərazi onlara aid deyil və ərazinin onlara aid olması ilə bağlı heç bir sənəd, heç bir sübut yoxdur, araşdırma Şəxs MMC-nin nümayəndəsi olmayan, Şəxs MMC-də işləməyən və tanımadıqları Çingiz Bəkirov adlı şəxsin iştirakı ilə aparılmış, həmin şəxsin səlahiyyətini təsdiq edən sənəd yoxlanılmamışdır. Şəxs MMC ticarətlə məşğuldur, heç bir istehsal etmir. Sonda o, yuxarıda göstərilənlərə əsaslanaraq iş üzrə icraata xitam verilməsin məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib olunmuş 002915 saylı, xx.xx.2025-ci il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə Abşeron rayon, Xırdalan şəhəri Emin Sabitoğlu küçəsində yaşayan Emil Dəmirov tərəfindən Xırdalan şəhərində yerləşən “ƏR-Riyad” ticarət mərkəzinin arxasında fəaliyyət göstərən sexlərdən ətrafa iy-qoxunun yayılması barədə müraciət daxil olmuşdur, bununla bağlı araşdırma aparılmış və araşdırma zamanı Xırdalan şəhərində yerləşən “ƏR-Riyad” ticarət mərkəzinin arxasında fəaliyyət göstərən sexlərdən ətrafa iy qoxunun yayılması faktı müəyyən olunmuşdur. Lakin ətrafa yayılan iy-qoxunun ətraf mühit üçün yol verilən hədd norması daxilində olub-olmamasını vizual yolla müəyyən etmək mümkün olmadığından laboratoriya-ölçmə işləri aparmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə müraciət olunmuşdur. “ƏR- Riyad” ticarət mərkəzinin ətrafında monitorinq ölçmə işləri aparılmış və ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məktubundan görünür ki, monitorinq Səyyar Laboratoriya vasitəsilə aparılmış və dəm qazı (CO)- 8.9 mq/m ³, kükürd 4 oksid (SO2”) 0.7 mq/m³ təşkil edərək ətraf mühit üçün yolverilən qatılıq norma həddindən artıq olduğu müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli 002915 nömrəli akt tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun: 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-936/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-936/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver