Məhkəmə qərarları › İş №3(012)-944/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-944/2021

15.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-944/2021 15.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdərə rayonunun, İmarət- Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Uca şəhəri, Ağdərə rayonunun, İmarət- Qərvənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X3, bina 9, mənzil 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı 15.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 15.06.2021-ci il tarixdə, gecə saat 00:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən “Marakana” çay evində karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 raportu məruzə edərək bildirdi ki, 15.06.2021-ci il tarixdə gecə saat 00:40 radələrində xidmət aparan zaman Xırdalan şəhəri, 26-cı məhəllədə “Marakana” çay evində karantin rejimi qaydalarının pozulması aşkar olunmuşdur. Həmin vaxt obyektə olan şəxslər barəsində protokol tərib edilmiş və onlar saxlanılaraq İdarəyə gətirilmiş, xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək izahatında bildirdi ki, o, 15.06.2021-ci il tarixdə, Xırdalan şəhəri, 26-cı məhəllədə, gecə saat 00:40 radələrində yerləşən “Marakana” çay evində çay içən zaman ləngiyərək, 40 dəqiqə gec çıxmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları obyektə daxil olaraq, karantin rejim qaydalarını pozduğumuza görə rayon polis şöbəsinə gətirmişlər. Belə ki, o, ölkə ərazisində karantin rejimi qaydalarını pozduğuna görə əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİnin İTŞ-nə göndərilməsi qərara alınmış və sonuncu barəsində müvafiq protokol tərtib olunmaqla Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib. İşdə olan sənədlərdən görünür ki, Şəxs qeyd edilən Qərarın tələblərinə əməl etməmiş, kafedə karantin rejimi qaydalarını pozmuşdur Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır, cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar