Məhkəmə qərarları › İş №3(012)-957/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-957/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-957/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X3 Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Abşeron Rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət edərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, 26 may 2021-ci il tarixdə saat 23 radələrində Saray qəsəbəsi, H.Əliyev küçəsində X6 özünə məxsus “Mazda CX-5 minik” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman ondan öndə sağda aşağı sürətlə hərəkət “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dərhal sola dönmə işığını yandırmış və sağ tərəfdən X3 maşınına yaxınlaşmışdır. Sonuncu səs siqnalından istifadə etməyinə və ötmə əməliyyatını icra etməyinə baxmayaraq “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkəti davam etdirmiş, nəticədə “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq küncü X4 məxsus maşının sağ ön və arxa qapılarını sürtərək zədə yetirmişdir. İlhamə Müslümova dərhal hərəkətini dayandırmış və həmin “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düşərək İlhamə Müslümovadan üzr istəmiş və bildirmişdir ki, sola dönüb qayıtmaq istəyərkən İlhamə Müslümovanın onun ötdüyünün fərqində olmayıb və təqsir ondadır. Hadisə yerinə gələn Turan adlı polis əməkdaşı da təqsirin “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündə olduğunu bildirmişdir. Turanın təkidi ilə həmin sürücü öz sığorta şirkətinə məlumat vermişdir. Növbəti gün, yəni 27 may 2021-ci il tarixdə Abşeron RPİ-nin DYP-nə tərəflər dəvət olunmuş və orada hadisə barədə izahat vermiş, hadisə yerinin sxemi hazırlanmış və tərəflər imzalamışlar. 29 may 2021-ci il tarixdə həmin idarənin əməkdaşı X10 Müslümovaya zəng edərək qarşı tərəfin etiraz etdiyini, hadisə yerinə baxış keçirilməli olduğunu bildirmişdir. Tərəflər birlikdə hadisə yerinə gəlmiş və baş vermiş hadisəni yerində izah etmişlər. Orada bir daha bildirilmişdir ki, təqsir “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündədir. Lakin, mayın 31-də İlhamə Müslümova yenidən idarəyə dəvət olunmuş və Eynəddin Usubov təqsirin onda olduğunu bildirmişdir. Belə ki, guya “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil İlhamə Müslümovadan solda olduğu üçün sonuncu ona şərait yaratmalı imiş ki, geri dönmə əməliyyatı etsin. Daha sonra İlhamə Müslümova barəsində İXP ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında 31 may 2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Odur ki, həmin protokol, həm də protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur və ləğv edilməlidir. Ona görədə məhkəmədən X6 haqqında olan 31.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. İş materiallarında olan Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə X3 Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə ədalətli araşdırma aparılması üçün 16 avqust 2021-ci il tarixli məhkəmə yol-nəqliyyat ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.- 1. “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 2. “Mazda CX 9” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? 3. “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 dönmə əməliyyatından əvvəl yolun hansı şəritində olmuşdur? 4. “BMW” markalı, **-RN-*** avtomobilin sürücüsü X5 dönmə əməliyyatını icra edərkən arxadan gələn “Mazda CX 9” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu tam keçməsini gözləməli idimi? 5. “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat avtomobilin sürücüsü X5 dönmə əməliyyatını “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə uyğun icra etmişdirmi? Məhkəmə zamanı təyin edilərək alınmış məhkəmə yol-nəqliyyat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 28 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən BMW 523 markalı, 10RN075 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-d maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mazda CX-5 markalı, 10TX990 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Məhkəmə şikayət ərizəsini, ona əlavə olunmuş sənədləri, Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və həmin qərar X4 münasibətdə qanunsuz sayılmaqla ləğv edilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmış, X6 isə həmin qərardan məhkəməyə şikayət edərək 31.05.2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayətin obyektiv və ədalətli araşdırılması naminə Abşeron DYP-dən iş materiallarını tələb edib nəzərdən keçirmiş, iş üzrə məhkəmə yol-nəqliyyat ekspertizası təyin edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 28 oktyabr 2021-ci il tarixli rəyini almışdır. Məhkəmə məhkəmə yol-nəqliyyat ekspertizası təyin edərkən ekspert qarşısında aşağıdakı sualları qoymuşdur –

1. “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?

2. “Mazda CX 9” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?

3. “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 dönmə əməliyyatından əvvəl yolun hansı şəritində olmuşdur?

4. “BMW” markalı, **-RN-*** avtomobilin sürücüsü X5 dönmə əməliyyatını icra edərkən arxadan gələn “Mazda CX 9” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu tam keçməsini gözləməli idimi?

5. “BMW” markalı, **-RN-*** dövlət qeydiyyat avtomobilin sürücüsü X5 dönmə əməliyyatını “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə uyğun icra etmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert 28 oktyabr 2021-ci il tarixli rəyində məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən BMW 523 markalı, 10RN075 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-d maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmasını və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğuna, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mazda CX-5 markalı, 10TX990 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 isə hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etməyin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Abşeron DYP-nın polis mayoru X8 tərəfindən işin faktiki halları hərtərəfli aşdırılmadan, həmçinin müvafiq prosessual hüquq normalarının tələblərinə riayət edilmədən BMW 523 markalı, 10RN075 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-d maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmasına düzgün qiymət vermədən qanunsuz olaraq öz yolu ilə hərəkətdə olan Mazda CX-5 markalı, 10TX990 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsinə dair qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi haqqında Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı qərarının qanunsuz sayılmaqla ləğv edilməsi və inzibati xətaya düzgün qiymət vermək üçün işin təkrar araşdırmaya qaytarılması zərurəti vardır. Məhkəmə şikayəti araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi haqqında Abşeron DYP-nın polis mayoru X8 tərəfindən qəbul edilmiş 31.05.2021-ci il tarixli, TP ******* saylı qərarı qanunsuz sayılmaqla ləğv edilsin və iş təkrar araşdırmaya qaytarılsın. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar