Məhkəmə qərarları › İş №3(012)-962/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-962/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-962/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X9 Polis Şöbəsinin, Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Polis Şöbəsinin, Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin qərarla tətbiq edilmiş 100 manat cərimə və 3 cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Elçin Hüseynov şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev prospekti 249 ünvanında özünə məxsus “Toyota Prius” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsi əsası kimi işıqforu qırmızı işıq altında keçməsi göstərilmişdir. O, buna elə yerində etiraz edərək qırmızı işığın yanmasına 08 saniyə qalmış keçdiyini bildirib, protokola qeyd aparmaq istədiyini demiş, lakin protokol ona təqdim edilməmişdir. Həmin qərardan tərəfindən verilmiş şikayət Abşeron rayon Məhkəməsinin 3(012)-962 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə ləğv edilmiş, iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. X9 Polis Şöbəsinin, Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 25 mart 2025-ci il tarixdə, saat 07:39 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 249 ünvanında “Toyota Prius” markalı, ** TS *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən sivetoforun qadağanedici işarəsi verildikdən sonra hərəkəti davam etdirmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin olunaraq, X9 Polis Şöbəsinin, Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə törədilmiş inzibati xəta üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə (İXM maddə 122) və səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməklə (İXM maddə 124) icraatın aparılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə Abşeron RPŞ–si tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları iş materialına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Həmçinin Abşeron rayon Məhkəməsində işə baxılarkən və bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsində qərardan verilmiş şikayətə baxılması zamanı dəfələrlə məhkəmə tərəfindən DYPŞ-nin əməkdaşı məhkəmə prosesinə dəvət edilməsinə və maddi sübutların təqdim edilməsinə dair bildirişlər göndərilməsinə baxmayaraq tələb təmin edilməmişdir. Hadisənin baş verdiyi ərazidə müşahidə kameralarının olmasına baxmayaraq görüntülərin təqdim edilməməsi və protokolun tərtib edildiyi andan barəsində protokol tərtib dilmiş şəxsin özünü təqsirli bilməyərək görüntüləri tələb etməsi, protokol tərtib edilən zaman əsasların olmasını şübhə altına alır. Habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Qeyd edilən Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qanunvericiliyin qeyd edilən normaları həqiqətdə inzibati xəta törətməsi ilə günahlandırılan şəxsin yerində tanış olmasını, protokoldan narazı olduğu halda, protokolda qeydlərini aparmasını və nəticədə mübahisəli protokol olduğundan həmin protokola baxılarkən vətəndaşın protokol əsasında qərar qəbul edildiyi zaman onun iştirakı ilə törətməsi iddia edilən xətanın əlamətlərinin müzakirəsini nəzərdə tutmuşdur. Lakin, hazırki vəziyyətdə görünür ki, X3 törətdiyi xəta ilə bağlı sübutlar təqdim edilmədən yalnız qəbul edilmiş qərarın 25 mart 2025-ci il tarixli, protokolun əsasında qəbul olunması ilə bağlı qeydlər aparılmış, qərar vətəndaşla müzakirə edilmədən tərtib edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməklə kifayətlənməli olduğu halda, həmin tarixdən sonrakı gün xx.xx.2025-ci ildə qərar qəbul etməklə inzibati tənbeh tətbiq etməkdə haqlı olmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunarkən X2 iştirakı təmin edilməmiş, inzibati xəta hadisəsinin mövcudluğuna etirazı və xəta ilə razılaşmaması öz əksini tapmamışdır. Məhkəmə tərəfindən inzibati xəta hadisəsinin olub olmaması araşdırılarkən, inzibati xəta hadisəsinin olmasını sübut etmə vəzifəsi onda olmasına baxmayaraq, qərar qəbul edən DYPŞ-nin əməkdaşı məhkəmədə iştirak etməmiş, tələb edilən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində X9 Polis Şöbəsinin, Yol Patrul Xidməti əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsinin olması sübuta yetirilmədiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. X4 barədə X9 Polis Şöbəsinin, Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar